Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan XİN-nin 8 noyabr tarixində Şuşa yaxınlığında baş verən insident ilə bağlı açıqlamasının şərh edilməsi ilə bağlı sualını cavablandırır.
Cavab: İlk növbədə vurğulamaq istərdik ki, Ermənistan XİN-in Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur. Sözügedən insidentə gəldikdə, bu, Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir.
Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur.
Həmçinin, sözügedən tarixdə Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi və məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə su xəttinin təmirinin həyata keçirilməsi heç bir məntiqə sığmır.
Eyni zamanda, Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir.
Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır.