Miqrasiya qaydaları

Miqrasiya qaydaları

 

Müvəqqəti olma müddəti

Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər. Eyni zamanda, əcnəbilər Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərkən, onların gəlişlərinin bəyan edilmiş məqsədlərinə əməl etmələri  tövsiyə edilir.

Viza əsasında  Azərbaycan Respublikasına gələn əcnəbilərin gəlişinin bəyan edilmiş məqsədi onlara verilən vizalardakı səfərin məqsədinə uyğun olmalıdır. Ölkəmizə gələn əcnəbilərə rəsmi, işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə vizalar verilir.

Bu qaydaların pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.3-cü maddəsinə (Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına) əsasən inzibati məsuliyyətə səbəb olur.

Müvəqqəti olma müddəti bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

 

Olduğu yer üzrə qeydiyyat

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti  olan (o cümlədən ölkə daxilində olduğu yeri dəyişdikdə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyətinə və ya mənzilin, digər yaşayış sahəsinin sahibinə müraciət etməlidir.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/oyq

 

Müvəqqəti olma müddətinin uzadılması

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti  60 günədək uzadıla bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

  • Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
  • Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
  • xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
  • tranzit keçid zamanı əcnəbi Azərbaycan Respublikasının ərazisində məcburi dayandıqda.
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/page/72

 

Müvəqqəti və ya daimi yaşamaq üçün icazə

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/page/73

 

İş icazəsi

18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. İşəgötürənlər əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün müraciət edə bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan  şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarının əsas şərtləri  iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasıdır.

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş qaydada müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.

Ətraflı məlumat: https://www.migration.gov.az/az/page/75

Arxiv üzrə axtarış