Azərbaycan Avropa İttifaqı ilə orta və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitdə fəaliyyət göstərmək istəyir
Bakı, 15 oktyabr, AZƏRTAC
2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyimizin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir. Bu yaxınlarda Azərbaycan-Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımi çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik. Mən Aİ-ni, onun üzv ölkələrini və Azərbaycanı nəzərdə tuturam. Hədəfimiz 2020-ci ildən sonrakı dövrü əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitdə fəaliyyət göstərmək istərdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2020-ci ilə qədər 20 gözlənilən nəticənin məqsədlərinə nail olmaq üçün bir sıra irəliləyişlər əldə olunub. Bu məqsədlərin bəziləri mühüm sektorlar üzrə Azərbaycanın Strateji Yol xəritələri ilə eynilik təşkil edir. Azərbaycanda dayanaqlı iqtisadi inkişaf və sosial-iqtisadi artımın təmin edilməsi məqsədilə institusional və struktur islahatları davam etdirilir. Bu islahatların ilkin nəticələrinə görə, iqtisadiyyatın dayanıqlılıq potensialı daha da artıb. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəmizin 50 faizə yaxını onun payına düşür. Avropa İttifaqı son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycanda fəaliyyət göstərən Avropa mənşəli 1500-dən çox şirkət var. Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan son tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir.
“Qurumların gücləndirilməsi və yaxşı idarəçilik məqsədləri Azərbaycan hökumətinin gündəliyində yüksək yer tutur və onların həyata keçirilməsi üçün davamlı səylər göstərilib”, - deyən E.Məmmədyarov qeyd edib ki, bu xüsusda gələcək dövlət qulluqçularının ədalətli və şəffaf şəkildə seçilməsi, Azərbaycanın Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin daha da genişləndirilməsi, məhkəmə binalarında “Elektron Məhkəmə” məlumat sisteminin qurulması kimi son islahatları qeyd etmək lazımdır.
“Onu da bildirmək istərdim ki, Avropa Şurasının Ədalət mühakiməsi üzrə Komissiyası (CEPEJ) bu yaxınlarda hesabatında Azərbaycanın hakim seçilməsi prosesini şəffaflığı və obyektivliyi baxımından vurğulayıb. Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə Fəaliyyət sənədi tezliklə qəbul ediləcək və onun uğurla həyata keçirilməsi şübhəsiz ki, yuxarıda göstərilən məqsədlərə daha tez nail olunmasına öz töhfəsini verəcək”, - deyə XİN başçısı əlavə edib.
İqtisadi bağlılıq Şərq Tərəfdaşlığının həm ikitərəfli, həm də çoxtərəfli strateji əməkdaşlığının əsasını təşkil edir. Bu barədə danışan E.Məmmədyarov deyib: “Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə energetika sahəsində strateji tərəfdaşlığımızı möhkəmləndirməyə davam edirik. Cənub Qaz Dəhlizinin açılışına həsr olunmuş rəsmi mərasim mayın 29-da Bakı Səngəçal Terminalında keçirildi. Cənub Qaz Dəhlizinin digər vacib seqmenti olan TANAP-ın təməlqoyma mərasimi iyunun 12-də Türkiyədə baş tutdu. Hər iki mühüm tədbirdə Şərq Tərəfdaşlığından olan dostlarımız da daxil olmaqla, Avropadan bir sıra siyasi liderlər və Aİ-nin yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Trans-Adriatik boru kəmərinin tikintisi son mərhələdədir. Biz regionda etibarlı uzlaşma şəbəkəsinin inkişafını dəstəkləyirik. Buna görə də Cənub Qaz Dəhlizinin tədricən coğrafi genişləndirilməsi üzərində ciddi düşünür və bu istiqamətdə çalışırıq”.
Diqqətə çatdırılıb ki, nəqliyyat sahəsində Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) göstərici xəritələrinin son genişlənməsi bu gün nəqliyyat və ticarət dialoqunun inkişaf etdirilməsi məqsədilə möhkəm platforma yarada bilər. Uzunmüddətli investisiya fəaliyyət planının mümkün qədər tez başa çatdırılmasına ehtiyac var. Azərbaycan bu gün regionda, o cümlədən Aİ-nin qonşuluğunda yerləşən bir sıra əsas nəqliyyat layihələrinin memarıdır. Ölkəmiz tərəfdaşları ilə birlikdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini təşviq edir.
“Şərq-Qərb Dəhlizi Aİ-Çin Uzlaşma Platforması, Aİ-nin Orta Asiya üzrə Strategiyası və Aİ-nin Avropa və Asiyanın birləşdirilməsi üzrə sonuncu Birgə Uzlaşma Kommunikasiya sənədi ilə sıx əlaqəlidir”, - deyən E.Məmmədyarov bildirib ki, Cənub-Qərb dəhlizinin inşası başa çatdıqdan sonra Aİ ilə Hindistan və İran kimi bazarlar arasında ticarət əlaqələri artacaq: “Biz etibarlı genişzolaqlı rəqəmsal əlaqələrin regional şəbəkəsinin yaradılması ilə bağlı eyni işi görürük. Biz Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini təşviq edirik və onun təşəbbüskarıyıq. Azərbaycanın bütün səyləri ölkəmizlə dostluq və strateji əlaqələr qurmağa hazır olan qonşularımız və tərəfdaşlarımızla qarşılıqlı fayda üzərində qurulub. Bu, Şərq Tərəfdaşlığı ölkələrinə öz təsirini göstərərək, daha geniş regionda ticarətin inkişafına gətirib çıxaracaq”.
Azərbaycanın hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik etdiyini xatırladan nazir deyib: “Bu sədrlik dövründə nəqliyyat və bağlılıq sahəsində əməkdaşlıq prioritet təşkil edir və oktyabr ayının sonu, dekabr ayının əvvəlində nəqliyyat və İKT nazirlərinin görüşləri keçiriləcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibinə Aİ-nin 3 üzv ölkəsi, bir sıra namizəd və assosiativ tərəfdaş ölkələr, eyni zamanda, həm Azərbaycan, həm də Aİ-nin digər mühüm qonşuları daxildir. Beləliklə, əslində bu, Şərq Tərəfdaşlığı coğrafiyasını və hətta daha geniş qonşuluğu əhatə edir. QDİƏT və Aİ arasında regional sinerji var. Bağlılıq bu əməkdaşlığın elementlərindən biri olmalıdır. Azərbaycan da, həmçinin bu sahədə bir çox töhfə verə bilər. QDİƏT-də bizim Aİ ilə qarşılıqlı əlaqələrimiz var. Dekabrın ortalarında Bakıda keçiriləcək xarici işlər nazirlərinin yığıncağında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədrliyi Bolqarıstana təhvil verəcəyik və biz artıq Brüsseldə QDİƏT-Aİ yüksək səviyyəli konfransının təşkil olunması perspektivlərini müzakirə edirik. Biz Aİ və Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi razılaşmalarının uğurla həyata keçirilməsinə xüsusi əhəmiyyət veririk və bu, viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması üçün əsas yaradacaq”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biri olduğunu vurğulayan E.Məmmədyarov qeyd edib ki, erməni həmkarı ilə keçirdiyi iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında baş tutmuş söhbət bu istiqamətdə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdakı seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə, Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlmiş danışıqlara hazırdır.
“Gələn il biz Şərq Tərəfdaşlığının 10 illiyini qeyd edəcəyik. Bu dövrdə bir çox hadisələrə şahid olduq. Ancaq bəzi reallıqlar dəyişmir. Müasir beynəlxalq durum ticarət sahəsində çaxnaşmalar, kiber hücumlar və qeyri-sabit siyasət kimi çağırışlarla üzləşir. Aİ-nin siyasi aktorları böyük ehtimalla ittifaqı dəyişən mühitə uzun müddət ərzində uyğunlaşdırmalıdırlar. Ümid edirik ki, bu, Aİ-nin Şərq qonşuluğu ilə münasibətlərinə təsir etməyəcək”, - deyən Azərbaycan XİN başçısı bildirib ki, Şərq Tərəfdaşlığının coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən münaqişələr həll olunmadan əsl sabitlik mümkün deyil. Şübhə yoxdur ki, Aİ-nin regionda münasibətlərinin və Şərq Tərəfdaşlığının gələcəyinin uğurlu olması beynəlxalq hüququn təməl prinsiplərinə riayət edilməsi və təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır. “Biz davamlılıqdan danışırıq. Bu prinsiplərin davamlı pozulmasının nəticələrinin aradan qaldırılmasındakı uğursuzluq, habelə ikili yanaşma qaydalara əsaslanan Avropa nizamına zərbə vurur. Bu da Şərq Tərəfdaşlığı daxilində davamlılıq məqsədinə xələl gətirir. Şərq Tərəfdaşlığı yaranandan bəri bəzi nailiyyətlər əldə olunub. Lakin bu çərçivədə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün daha çox əlaqəli səylərə ehtiyac duyduğumuzu qəbul etməyimiz lazımdır”, - deyə E.Məmmədyarov əlavə edib.