Belçikada 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib
Yanvarın 19-da Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Belçikanın Vaterlo şəhərində yerləşən “Wellington” muzeyinin sərgi salonunda Azərbaycanın Belçikadakı səfirliyinin, NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə faciəyə həsr olunmuş sərgi və anım mərasimi keçirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisələrin Azərbaycan tarixində yeri barədə məlumat veriblər. Onlar sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırladıb və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd ediblər. Doğma Vətənin hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda mərasim iştirakçıları tərəfindən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Vaterlo şəhərində yerləşən abidəsi ziyarət edilərək önünə əklil qoyulub.