Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov Belçikanın Flamand regionunun Parlamentinin prezidenti Yan Peumans ilə görüş keçirmişlər
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov 2016-cı il oktyabrın 5-də Brüsselə səfər etmişlər.
Səfər çərçivəsində ilk öncə Belçikanın Flamand regionunun Parlamentinin prezidenti Yan Peumans ilə görüş keçirilmişdir. Görüş zamanı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
R.Rzayev həmsöhbətə münaqişənin tarixçəsi haqqında məlumat vermiş, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğalı nəticəsində 1 milyonadək azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini, Dağlıq Qarabağın Azərbaycanlı icmasına qarşı Xocalı soyqırımı da daxil olmaqla çoxsaylı müharibə cinayətlərinin törədildiyini diqqətə çatdırmış, etnik təmizləmə nəticəsində bu gün həmin icmanın Azərbaycanın müxtəlif bölgələrində yaşadığını və öz doğma torpaqlarına qayıtmaq imkanına malik olmadığını diqqətə çatdırmışdır. O, habelə münaqişənin həlli istiqamətində müstəsna əhəmiyyətə malik amil kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasının vacibliyini önə çəkmiş, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu səylərin indiyədək heç bir nəticə vermədiyini bildirmiş, bu dialoqun qurulmasında Avropalı tərəfdaşlarımızın dəstəyinə ehtiyac duyulduğunu diqqətə çatdırmışdır.
F.Muradov Azərbaycanın regionda davamlı sülhün qurulmasında maraqlı olduğunu və bunun üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu vurğulamışdır. O, avropalı parlamentarların Azərbaycanın razılığı olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmələrinin beynəlxalq hüquqa zidd olmaqla yanaşı, münaqişənin həllinə qətiyyən töhfə vermədiyini, əksinə münaqişənin bu vəziyyətdə saxlanılmasında maraqlı olan qüvvələr tərəfindən sui-istifadə edildiyini söyləmişdir.
Y.Peumans Flamand regionu Parlamentinin bir neçə üzvünün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə etdiyi və öncədən Azərbaycan tərəfi ilə razılaşdırılmamış səfər ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığından xəbərdar olduğunu bildirmişdir. O, bu səfərin heç bir halda Flamand Parlamentinin fəaliyyəti ilə əlaqəli olmadığını, həmin deputatların şəxsi təşəbbüsləri əsasında reallaşdırıldığını vurğulamış, gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq məlumatların həmin deputatlara çatdırılacağını qeyd etmişdir.
Sonda icma üzvləri Y.Peumansı Azərbaycana səfər etməyə dəvət etmişlər.