2024-07-18

İlham Əliyev Oksfordda Lüksemburqun Baş naziri Lyuk Friden ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olundu.

Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğuladı. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı.

Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edildi. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirildi.

Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulandı.

Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırdı.

 
 
 
 
 

Arxiv üzrə axtarış