Azərbaycan Beynəlxalq Lüksemburq Minibazarında milli stendimizlə təmsil olunub
Lüksemburq Böyük Hersoqluğundakı Azərbaycan səfirliyinin dəstəyi və bu ölkədə soydaşlarımızın təşkilatçılığı ilə Beynəlxalq Lüksemburq Minibazarında Azərbaycan böyük stendlə təmsil olunub.
Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı fransız dilində nəşrləri nümayiş olunub. Stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat verilib və onlara stendimizdə nümayiş olunan nəşrlər hədiyyə edilib.
Azərbaycan stendində, həmçinin milli məhsullarımız, o cümlədən çaylar, meyvə şirələri, nar şirəsi, quru meyvələr, şirniyyatlarımız və digər təamlar təqdim olunub. Azərbaycan milli mətbəxinin ləziz təamları, eləcə də milli istehsal məhsulları ziyarətçilərə Azərbaycan qastronomiyasını tanımağa və dadmağa imkan yaradıb.
Tədbir çərçivəsində azyaşlı uşaqlar üçün Azərbaycan mədəniyyətini təbliğ edən ustad dərsləri keçirilib.