2024-01-19

Xalq artisti Salman Qəmbərovun və “Bakustik caz” qrupunun Brüsseldə konserti olub

Siyasi, iqtisadi, elmi və mədəni tədbirlərlə dolu Avropanın paytaxtı sayılan Brüsseldə müxtəlif məkanlarda Brüssel Caz Festivalı davam edir.

Yanvarın 20-dək davam edəcək bu caz bayramına töhfə vermək və Azərbaycanın məşhur caz məktəbini Avropada tanıtmaq məqsədilə pianoçu-bəstəkar, Xalq artisti Salman Qəmbərov və “Bakustik caz” qrupunun konserti təşkil edilib. Konsert Belçikadakı səfirliyimizin dəstəyi ilə caz pərəstişkarlarının ən sevilən məkanlarından biri olan Brüsselin “The Music Village” caz klubunda təşkil edilib.

Konsertin belçikalı təşkilatçısı Kevin Van Nuffel açılış nitqində musiqinin ölkələr arasında mədəniyyət körpüsünün yaradılmasında əhəmiyyətli rol oynadığını qeyd edib, Azərbaycan caz məktəbinin tarixi haqqında məlumat verib.

İl ərzində 300-dən çox canlı konsertlərə ev sahibliyi edən “The Music Village” caz klubunun daimi dinləyiciləri bu dəfə Azərbaycan etno-caz janrı ilə yanaşı musiqiçilərimizin ifasında 1930-cu ildə rejissor Mikayıl Mikayılov tərəfindən ekranlaşdırılmış “Lətif” (“Üz-üzə”) filmi üçün Salman Qəmbərov tərəfindən bəstələnmiş eyniadlı kompozisiyanı dinləyiblər.

Salman Qəmbərov “Bakustik caz” qrupunu 1996-cı ildə yaradıb, müxtəlif vaxtlarda qrupun tərkibində ifa edən sənətkarlarla çoxsaylı konsertlər verib və bir sıra beynəlxalq festivallarda çıxış edib. Brüsseldə anşlaqla keçirilmiş konsertdə Salman Qəmbərovla birgə “Bakustik caz” qrupunun üzvləri Nicat Bayramov, Fəxrəddin Dadaşov, Eyvaz Həşimov və Fuad Cəfər çıxış ediblər.

Konsertdə iştirak edən dinləyicilər “Lətif” filmini maraqla izləyib, musiqiçilərimizin ifası onlar tərəfindən böyük alqışlarla qarşılanıb.

Yerli KİV-lər Salman Qəmbərovdan müsahibə alıblar.

Arxiv üzrə axtarış