2023-12-05

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell tərəfindən səslənmiş fikirlər ilə bağlı yerli mətbuatın sualına cavabı

Sual: 4 dekabr tarixində Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell İnsan Hüquqları üzrə 25-ci Avropa İttifaqı-QHT Forumunda çıxışında Azərbaycanın hərbi müdaxiləsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin aqibətinin müəyyən edildiyini, güc tətbiqi nəticəsində 150000 insanın öz evlərini tərk etdiklərini bildirib. O, həmçinin münaqişələrin güc yolu ilə həllinin qadağan olunduğu ilə bağlı fikirlər səsləndirib. Bu fikirlərə dair şərhiniz nədir?
 
Cavab: Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir. 

 

Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir. 

 

Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borrellin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur. 

 

Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqları müdafiə olunmamış yüzminlərlə Azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.

 

Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borrellin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır. 

 

Jozep Borrellin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir. 

 

Aİ nümayəndəsinə həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq edilməsi bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünü müdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib. 

 

Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq.

Arxiv üzrə axtarış