2023-09-22

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının 9422 saylı iclasındakı Bəyanatı

Təhlükəsizlik Şurasının Albaniya Prezidentliyinə, Şuranın bu iclasına qatılmağa imkan yaratdığı üçün təşəkkür edirəm.

 

Ermənistanın BMT Təhlükəsizlik Şurasını beynəlxalq ictimaiyyəti yanıltma kampaniyası üçün istismar etməsi məyusedici olsa da, Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə Şura və daha geniş beynəlxalq ictimaiyyətə məlumat vermək üçün bu imkandan istifadə edə bilərik.

 

Əslində öncəliklə vurğulamaq lazımdır ki, Ermənistanın Şuraya müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır.

 

Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır. Şuranın növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir, bu mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbədir və tamamilə rədd edilməlidir.

 

Bu həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Əslində bu gün Şura Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda, ərazidə anti-terror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranmışdır.

 

Azərbaycan Hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərin təmsilçisi ilə artıq çoxdan gecikmiş görüşü bu gün Azərbaycanın Yevlax şəhərində baş tutdu.

 

Görüşdə yerli erməni sakinlər üçün dialoq məqsədilə Azərbaycan Hökuməti tərəfindən təyin edilmiş xüsusi nümayəndə Hökumətin reinteqrasiya ilə bağlı planlarının xülasəsini təqdim etmiş və infrastrukturların bərpası və işləməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə aidiyyəti mərkəzi Hökumət institutları tərəfindən icra olunması gözlənilir.

 

Belə bir dialoq Azərbaycanın suveren ərazisində ağır silahlanmış qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı.

 

Ermənistanın Azərbaycanın Qarabağ regionunun dinc sakinlərinə hücumu kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışdığı məsələ, əslində Azərbaycanın BMT Nizamnaməsi əsasında özünün suveren ərazisində qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək ilə bağlı hüquqları ilə tam uyğun olan antiterror tədbirləridir.

 

Ermənistan özü beynəlxalq öhdəliklərinə nümayişkaranə şəkildə əməl etməməklə Azərbaycanın bu tədbirləri görməsini qaçılmaz etmişdir.

 

Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının Azərbaycan tərəfindən pozulmasına dair Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri də eyni şəkildə əsassızdır. Tam əksinə, Ermənistan özü qeyd olunan sənədin Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin çıxarılmasına dair öhdəliklərinə açıq şəkildə əməl etməmişdir.

 

Bu bəyanatın imzalanmasından ötən son üç il ərzində Ermənistan tank və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxlüləli raket sistemləri, minaatanlar, elektromaqnitik döyüş vasitələri və digər hücum vasitələri kimi ağır silahlarla təchiz olunmuş 10 min nəfərdən artıq silahlı birləşmələri Azərbaycan ərazisində saxlamağa davam etmişdir.

 

Bu qanunsuz silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi-texniki, logistik və maliyyə dəstəyi ilə, o cümlədən Laçın yolundan sui-istifadə etməklə saxlanırdı. Bu, Ermənistanın özünün revanşist siyasi məqsədləri üçün Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq cəhdinin tərkib hissəsi olmuşdur.

 

Anti-terror tədbirləri Ermənistanın Üçtərəfli Bəyanata əsasən Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin dayandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirmişdir.

 

Sadəcə 24 saat ərzində qanunsuz birliklərin 90-dan artıq postu ələ keçirilmiş, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemləri və 2 hava hücumundan müdafiə sistemləri zərərsizləşdirilmişdir. 

 

Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət etmişdir.

 

Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq boz zonanı saxlamaqla bağlı sistematik cəhdləri dəf edilmişdir.

 

Azərbaycan bir neçə həftədir Ermənistan tərəfindən gücləndirilmiş mühəndis-istehkam fəaliyyətləri və qüvvə toplanması fonunda gözlənilən hərbi avantüra barədə xəbərdarlıqlar edirdi.

 

Biz döyüş mövqelərinin intensiv olaraq şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş qüvvələri ilə gücləndirilməsi, ön birliklərin döyüş hazırlığının artırılması, əlavə səfərbərlik birliklərinin yaradılması, Azərbaycan Silahlı Qüvvələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, eləcə də təxribat törətmək məqsədilə artıq minalardan təmizlənmiş ərazilərə yeni minalar yerləşdirmək üçün silahlı qüvvələrimizin mövqelərinə sızma cəhdlərini qeydə alır və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdıq.

 

Ermənistan silahlı qüvvələri tərəfindən, son aylarda müxtəlif çaplı silahlardan istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin mütəmadi olaraq atəşə tutulması, ərazilərimizin davamlı minalanması, döyüş mövqelərinin gücləndirilməsi, eləcə də Qarabağ regionunda səngər və hərbi sığınacaqların sayının artırılması gərginliyi daha da artırmışdı.

 

Ermənistan Baş naziri Qarabağ regionu daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə öncəki bəyanatının əksinə olaraq, Azərbaycan ərazisində yaradılmış qanunsuz qondarma qurumun “ildönümü” ilə bağlı “təbrik mesajı” göndərməklə növbəti olduqca təxribatçı bir addım atmışdır.

 

Bu addım, bir daha Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etmədiyini və bütün mümkün imkanlardan, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyindən istifadə etməklə ərazimizdə separatizmi alovlandırmağı dayandırmaq niyyətinin olmadığını sübut edir.

 

Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində yaradılmış qondarma rejimin qurama “prezident seçkiləri” bəhanəsi ilə qanunsuz fəaliyyəti növbəti son dərəcə təxribatçı xarakterli addım idi. Ermənistan bu addımları ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi əvvəlki bəyanatlarını mahiyyətcə heçə endirmək məqsədi güddüyünü açıq şəkildə ortaya qoydu. Bu, Ermənistanın sülh müqaviləsi üzrə danışıqları xoşməramla aparmadığını nümayiş etdirdi.

 

Ermənistanın məqsədyönlü şəkildə sülh səylərini pozmaq cəhdləri, Azərbaycana qarşı qondarma “blokada” və “humanitar böhran” kimi uydurma ittihamlar əsasında bütün dünyada aparılan qarayaxma kampaniyası ilə eyni zamanda baş verirdi.

18 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin ehtiyaclarını ödəmək üçün humanitar yüklərin çatdırılması məqsədilə bir neçə marşrutdan istifadə etməklə bağlı təklifinin həyata keçirilməsi ilə Ermənistanın qarayaxma kampaniyası mahiyyət etibarilə iflasa uğradı.

 

Beləliklə, bir neçə beynəlxalq aktorun, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin fəal diplomatik səyləri nəticəsində Ermənistan və onun tabeçiliyində olan qondarma rejimin qanunsuz maneələri ilə bir neçə həftəlik süni ləngimədən sonra nəhayət, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ağdam və Laçın vasitəsilə humanitar yüklərin eyni vaxtda çatdırılması həyata keçirildi.

 

Özünün saxta rəvayətlərini qondarma “humanitar gündəm” adı altında beynəlxalq ictimaiyyətə yeridə bilməyən Ermənistan növbəti gün, 2023-cü il sentyabrın 19-da yenidən yaradıla biləcək gərginliyin Azərbaycana qarşı ittiham oyununa kömək edəcəyinə ümid edərək hərbi təxribata əl atdı.

 

Erməni diversiya qrupunun Füzuli-Əhmədbəyli-Şuşa yolunda yerləşdirdiyi minaların partlaması nəticəsində 2 mülki yol inşaatçısı faciəvi şəkildə həlak oldu. 4 polis əməkdaşı isə həmin hadisəsinin baş verdiyi əraziyə baxış keçirməyə cəhd edərkən eyni bölgəyə yaxın yerdə quraşdırılmış növbəti minanın partlamasının qurbanı oldular. Eyni zamanda, bu partlayışlar Azərbaycanın daha 6 polisinin ağır yaralanmasına səbəb oldu.

 

Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub. Heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib.

 

Qeyd edilməlidir ki, 2020-ci il Üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2,728 mina aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi Rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 314 nəfər minaların qurbanı olmuşdur.

 

Erməni silahlı qüvvələrinin mülki və hərbi itkilərə səbəb olan təxribat əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri bu qanunsuz silahlı birləşmələri tərksilah etmək, Azərbaycanın mülki və hərbi heyətinin təhlükəsizliyinə hədə olan birbaşa təhlükəni zərərsizləşdirmək üçün lokal antiterror tədbirlərinə başladı.

 

Antiterror tədbirləri məhdud və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinə və rifahına qarşı mövcud təhdidə mütənasib şəkildə həyata keçirilib.

 

Antiterror tədbirləri müstəsna olaraq Azərbaycanın suveren ərazisindəki legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəlmişdi. Beləliklə, bu tədbirlər Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi.

 

Azərbaycan humanitar hüquq normalarına tam uyğun şəkildə hərəkət edərək mülki şəxslərə və mülki infrastruktura dəyən zərərin qarşısını almaq üçün bütün tədbirləri gördü.

 

Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri qəsdən hədəfə alması ilə bağlı ittihamlar foto və video dəlillərlə sübut olunduğu kimi əsassız və yalandır.

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror tədbirlərinin başladığı ilk dəqiqələrdən bir neçə dəfə ictimai bəyanatlar verərək mülki əhalini hərbi obyektlərdən uzaq durmağa çağırmışdır. Oxşar bildirişlər mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə də göndərilmişdir. Bu addım, Ermənistanın tabeliyində olan silahlı birləşmələrin yaşayış məntəqələri daxilində məsuliyyətsizcəsinə hərbi texnika və qurğuları yerləşdirmək ehtimalı nəzərə alınaraq atılmışdır.

 

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq inzibati, sosial, təhsil, tibb, dini və digər obyektlərin mühafizəsi və təhlükəsizliyinin təmin ediləcəyini, qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi yardım, ləvazimat və digər yardımlar göstərəcəyini elan etmişdir.

 

Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkarlıqla aparıb. Bir sıra video görüntülərdən aydın şəkildə göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərə dəyə biləcək yan təsirlərdən yayınmaq üçün yaxınlıqda olan legitim hərbi obyektlərə zərbələr endirməkdən qəsdən çəkinib.

 

Məndən əvvəl səsləndirilən çıxışlar, o cümlədən Ermənistan nümayəndə heyətinin bəyanatında Azərbaycana qarşı əsassız ittihamların tirajlanması fonunda, mən sadəcə Şuranın diqqətini Ermənistan Baş naziri tərəfindən verilən, Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmaması və onlara qarşı kütləvi zarakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığının ictimai şəkildə təsdiq edildiyi ən son bəyanata cəlb etmək istəyirəm.

 

Əməliyyatın başladığı andan etibarən Azərbaycan tərəfi beynəlxalq tərəfdaşlar ilə təmaslarda ardıcıl şəkildə Ermənistan və onun tabeliyində olan Azərbaycan ərazisindəki qondarma rejiminin silahları yerə qoymağa və qanunsuz strukturlarını buraxmağa razılaşdığı anda, anti-terror tədbirlərinin dərhal dayandırılacağını bildirmişdir.

 

Beləliklə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandanlığı vasitəsilə yuxarıda qeyd olunan şərtlərin qəbulu təsdiqləndikdən sonra anti-terror tədbirləri 20 sentyabr 2023-cü il, Bakı vaxtı ilə saat 13:00-dan etibarən dayandırıldı.

 

Ermənistanın yerli erməni sakinlərlə birgə yaratdığı, təlim keçdiyi və təchiz etdiyi qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə yanaşı, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı razılıq əldə olunub. Bu razılıq ərazidə olan Rusiya sülhməramlı kontingenti vasitəsilə əldə olunub və Ermənistana tabe olan qondarma qurum tərəfindən təsdiqlənib və ictimaiyyətə açıqlanıb.

 

Bu, Ermənistan Respublikasının həqiqətən də Azərbaycanın suveren torpağında hərbi cəhətdən mövcudluğunun olması və Üçtərəfli Bəyanatda Azərbaycan ərazilərindən qüvvələrini çıxarmaqla bağlı üzərinə götürdüyü öhdəliyini pozmasına dair əvvəllər sənədləşdirilmiş çoxsaylı faktlara daha bir əlavə idi. Ermənistanın belə bir hərbi mövcudluğu inkar etmək cəhdləri beynəlxalq ictimaiyyəti biabırçı şəkildə aldatmaqdan başqa bir şey deyildi.

 

Həmçinin, erməni əsilli sakinlərin Azərbaycana reinteqrasiyası ilə bağlı məsələlərin, o cümlədən onların Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində hüquqlarının və təhlükəsizliyinin birbaşa olaraq onların nümayəndələri ilə Azərbaycan mərkəzi hakimiyyəti arasında müzakirə olunması razılaşdırılıb. Qeyd etdiyim kimi, ilk belə görüş bu gün bir müddət öncə baş tutdu.

 

Beləliklə, Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri qarşıya qoyulan məqsədlərə nail oldu. Əgər Ermənistan Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu sülh yolu ilə çoxdan əldə oluna bilərdi. Bunun baş verməməsində günahkar yalnız Ermənistandır.

 

Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasına dair öhdəliklərini yerinə yetirməməsi Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı başlatdığı silahlı münaqişənin həlli istiqamətində bütün beynəlxalq səylərin uğursuzluğa düçar olmasına səbəb olub.

 

Ermənistanın Azərbaycanın suveren ərazisində davam etdirdiyi qeyri-qanuni hərbi mövcudluğu Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı normallaşma prosesinə, eləcə də münaqişəyə son qoyan və regionda tamamilə yeni reallıqların yaranmasına gətirib çıxaran 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiyası səylərinə ən ciddi maneə olaraq qalmaqda idi.

 

Biz ardıcıl və geniş şəkildə prosesə cəlb olunmuş bütün beynəlxalq tərəfdaşların diqqətini bu cür qeyri-qanuni hərbi mövcudluq təhlükəsinə cəlb edirdik.

 

Təəssüf ki, bağlı qapılar arxasında öz legitim narahatlıqlarımızın etirafı tərəf müqabillərimizin praktiki addımlarında və ictimai mesajlarında öz əksini tapmadı. Ermənistanın məsuliyyətsiz, müharibəni qızışdıran bəyanatlarına və aqressiv hərəkətlərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiyanın olmaması bu ölkənin cəzasızlığına və bu kimi addımların atılmasına icazə verilməsinə töhfə oldu, bu da öz növbəsində daha çox hərbi və siyasi təxribatlara səbəb oldu.

 

Lakin bu ciddi yanlış hesablama idi.

 

Erməni əsilli sakinlərlə Azərbaycanın mərkəzi hökumət rəsmiləri arasında birbaşa dialoqla müşayiət olunan tərksilah və demilitarizasiyanın praktiki icrasına başlandığı bir vaxtda beynəlxalq ictimaiyyət tərəfindən hazırkı vəziyyətin nəzərdən keçirilməsi aktuallıq və faydalılıq baxımından mövcud reallıqlara uyğun olmalıdır.

 

Birtərəfli və qərəzli, əsas etibarı ilə Təhlükəsizlik Şurasında bugünkü müzakirələrin çağırılmasının kökündə duran məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşma tamamilə qeyri-məhsuldar və faydasızdır. Belə bir fəaliyyətə arxalanmaq artıq bir neçə dəfə uğursuzluqla nəticələnib.

 

Bu, yalnız diqqəti real normallaşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır.

 

Beləliklə, 30 il davam etmiş qanlı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırki həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir.

 

Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bir daha hər iki ölkənin legitim maraqlarına bərabər və qarşılıqlı hörmət əsasında səmimi dialoqa və danışıqlara hazır olduğunu təsdiqləyir.

 

Ermənistanın ölkəmə qarşı hərbi təcavüzünün yaralarının hələ də sağalmamasına, şəhər və kəndlərimizin kütləvi dağıdılmasına, müqəddəs yerlərimizin qəsdən təhqir olunmasına baxmayaraq, biz Ermənistana ədalətli və davamlı sülh təklifimizi bir daha təqdim edirik. Ümid edirik ki, Azərbaycanın təklifi nəhayət ki, bu ölkə tərəfindən qarşılıqlı şəkildə qəbul olunacaq.

 

Digər bir istiqamətdə Azərbaycan Respublikası, ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin olunmasına dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir. Azərbaycanın müxtəlif etnik, dini və ya linqvistik azlıqları bir millət daxilində birləşdirməsinin qürurlu tarixi vardır. Etnik erməni sakinlər bizim sülhsevər birgə yaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir.

 

Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmaq barədə öhdəliyi olduğunu xatırladır.

 

Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır.

 

 https://www.youtube.com/watch?v=iXBu3ZKADb8

 

Arxiv üzrə axtarış