2023-05-18

Azərbaycan Respublikasının vətəndaşı Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin məlumatı

Brüssel, 18 may 2023-cü il

5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olmuşdur.

Bununla bağlı Səfirlik  tərəfindən N.Məmmədov ilə telefonla dərhal əlaqə saxlanılmış, may ayının 6-da onunla Səfirlikdə görüş keçirilmiş, ona müvafiq dəstək göstərilmişdir. Onun davranışı və danışıq tərzi onu deməyə əsas vermişdir ki, həmin vaxtı o, psixoloji cəhətdən əsəbi və həyəcanlı idi. Söhbət zamanı N.Məmmədov Səfirlik əməkdaşlarına bildirmişdir ki, o, qohumlarının yanına, Azərbaycana qayıtmaq istəmir.

N.Məmmədovun qohumları ilə Səfirlik tərəfindən aparılmış telefon söhbəti zamanı, onlar onun Azərbaycana göndərilməsi ilə bağlı Səfirlikdən köməklik göstərilməsini xahiş etmişdirlər.

Bunu nəzərə alaraq, Səfirlik tərəfindən Belçika polisinə müvafiq müraciət edilmişdir. Ardınca, Belçikanın polisinin işçiləri Səfirliyə gəlmiş, N.Məmmədovun Belçika ərazisinə bir müddət əvvəl Ukraynadan gəlib hazırda burada qanuni əsasda yaşamasını müəyyən edib, Azərbaycana qayıtmaq istəməməsinə görə onu məcburi şəkildə deportasiya edilə bilinmədiyini qeyd etmişdirlər.

Daha sonra, Səfirlik əməkdaşları ilə söhbətin davamı zamanı, N.Məmmədov ilkin fikrini dəyişərək, Azərbaycan getməyə razılıq verdiyini bildirmişdir. Qeyd olunan məlumat Səfirlik tərəfindən N.Məmmədovun qohumlarına bildirilmişdir və ailə üzvlərinin ən qısa müddət ərzində Brüsselə gəlib, onun vəziyyətini nəzərə alaraq, onu qohumlarının müşayiətilə Azərbaycana aparılması tövsiyə olunmuşdur. Bundan sonra N.Məmmədov Səfirlik tərəfindən Brüsseldə mehmanxanaya yerləşdirilmişdir.

Daha sonra Səfirlik N.Məmmədovun qohumları tərəfindən məlumatlandırılıb ki, mayın 7-də  onların Niderlandda yaşayan ailə tanışı N.Məmmədovu Brüsseldəki mehmanxanadan götürərək Niderlanddakı evinə aparmış, həmin ölkənin xəstəxanalarının birinə yerləşdirmiş və tibbi müayinədən sonra N.Məmmədov xəstəxanadan buraxılmışdır. Təəssüflər olsun ki, bundan sonra Səfirlik tərəfindən N.Məmmədov ilə telefon əlaqəsi saxlamaq mümkün olmamışdır.

N.Məmmədova dair növbəti məlumata əsasən, onun Niderlandın Eyndhoven şəhərində olması müəyyən olunmuş və məsələ ilə bağlı Azərbaycanın Niderlanddakı Səfirliyinə də məlumat verilmişdir. N.Məmmədovun tapılması ilə bağlı həm Belçika, həm də Niderland polisinə müvafiq qaydada müraciətlər edilmiş və N.Məmmədov hər iki ölkənin polisi tərəfindən itkin düşmüş şəxs kimi axtarışa elan olunmuşdur.

Mayın 15-də Səfirliyə daxil olmuş məlumata görə, N.Məmmədovun Belçikada qaldığı yer müəyyən olunub. O, qanunsuz miqrantların saxlanılması mərkəzindədir  və Səfirliyin əməkdaşı orada onunla görüşüb. Hazırda N.Məmmədovun məsələsi Belçika tərəfindən baxılmaqdadır. Belçika tərəfinin verəcəyi qərardan asılı olaraq, N.Məmmədov ölkəmizə readmissiya olunacaq və ya ona Belçika ərazisində qalmaq icazəsi veriləcəkdir.

Məsələ ilə bağlı Səfirlik tərəfindən N.Məmmədovun qohumlarına mütəmadi olaraq məlumat verilir.

Arxiv üzrə axtarış