2022-11-25

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırır

Sual: Niderland Parlamentində bir sıra üzvlər tərəfindən Azərbaycanın böyük hərbi üstünlüyə malik bir ölkə kimi guya Ermənistana qarşı hücumları davam etdirdiyi, 13-14 sentyabr tarixlərində Ermənistan ərazilərini işğal etdiyi, Azərbaycanın Ermənistanın cənubunu işğal niyyəti olduğu barədə iddiaların, habelə Ermənistanın müdafiə qabiliyyətini bərpa etmək üçün ona hərbi yardım göstərilməsi barədə çağırışları ehtiva edən qətnamə layihəsi təqdim edilmişdir. Bu məsələyə münasibətinizi öyrənmək istərdik. 

 

Cavab: Əvvəlki illərdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən tam qərəzli qətnamələrin qəbul edildiyi məlumdur. 

 

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, mülki əhaliyə qarşı qəddarcasına törədilmiş qırğınlara, talan və vandallıqlara göz yuman Niderlandın qanunvericilik orqanında belə bir təklifin irəli sürülməsi ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının bir nümunəsidir. 

 

Bununla yanaşı, 2020-ci il müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmadığını, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirdiyini, sərhədboyu bölgələrdə hərbiləşməni artırdığını, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətdiyini və sülh prosesinə qarşı destruktiv addımlar atdığını Niderland tərəfinə xatırlatmaq istərdik.

 

Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə baş vermiş toqquşmalar barədə qətnamədəki iddialara gəldikdə qeyd edək ki, sentyabr ayında döyüşlər məhz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması və hərbi obyektlərimizə hücum nəticəsində meydana gəlmişdir. Sentyabr ayında Azərbaycan yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq vermiş və hərbi mövqeləri hədəf almışdır. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı hər kəsə məlumdur.

 

Azərbaycanın guya Ermənistanın cənubunu işğal etməsi niyyəti barədə qətnamədə qeyd edilən cəfəng fikirlərə gəldikdə Niderland parlamentarilərinin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan tərəfi qarşılılıq prinsipinə əsaslanmaqla, Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində normallaşması təşəbbüsünü irəlilətməkdədir.  

 

Niderland tərəfinin sülh prosesinə mane olmaqla Ermənistanda revanşist qüvvələri dəstəkləmək əvəzinə, bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verməsi faydalı olardı. 

 

Qeyd edilən qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.

Arxiv üzrə axtarış