2022-10-14

Səfir Vaqif Sadıqov etimadnaməsini Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təqdim edib

12 oktyabr 2022-ci ildə səfir Vaqif Sadıqov Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə etimadnaməsini təqdim etmişdir.

 

Etimadnamə təqdim edildikdən sonra Böyük Hersoq Anri yeni təyinatı münasibətilə səfir Vaqif Sadıqovu təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

Səfir Vaqif Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Hersoq Anriyə salamlarını və xoş arzularını çatdırmışdır. Böyük Hersoq Anri salamlarına görə Azərbaycanın dövlət başçısına təşəkkürünü bildirmiş, onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş, 2015-ci ildə Azərbaycana olan səfərini məmnunluqla xatırladığını qeyd etmişdir.

 

Lüksemburq ilə əlaqələrimizin vaxtilə möhkəm olduğunu bildirən səfir Vaqif Sadıqov bu əlaqələrin inkişafının əhəmiyyətini qeyd etmişdir.

 

İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət barədə danışan səfir Vaqif Sadıqov işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa işləri və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşması, ilk növbədə sülh müqaviləsinin imzalanması istiqamətində son dövrlərdə gedən proseslər barədə Böyük Hersoqu məlumatlandırmışdır.

 

Azərbaycanın yürütdüyü enerji və nəqliyyat siyasəti və Avropa İttifaqı ilə əməkdaşlığına toxunan səfir Vaqif Sadıqov bu sahədə baş verən yeni irəliləyişlərdən bəhs etmiş və Azərbaycandan Avropaya təbii qaz tədarükünün mövcud infrastruktur vasitəsilə nəql edilməsi imkanları, bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen nəqlinin imkanları haqqında məlumat vermişdir.

 

Böyük Hersoq Anri sonda Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, əsasən də iqtisadi və nəqliyyat sahələrində genişləndirilməsinə maraq ifadə etmiş və səfirə bu işlərdə nailiyyətlər arzulamışdır.

    

Arxiv üzrə axtarış