2022-06-21

Avropa Parlamentində tədbir - “Avropa İttifaqı qonşuluğunda minalarla mübarizə: Artan təhdidlər və gücləndirilmiş əməkdaşlığa ehtiyac”

Avropa Parlamentində “Avropa İttifaqı qonşuluğunda minalarla mübarizə: Artan təhdidlər və gücləndirilmiş əməkdaşlığa ehtiyac” mövzusunda tədbir keçirilib.

Brüsseldə yerləşən “Sustainable Value Hub” platformasının təşkilatçılığı ilə baş tutan müzakirələrdə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) sədr müavini, Azərbaycan üzrə məruzəçi, xorvat deputat Zelyana Zovko, AFET üzvü, polşalı deputat Anna Fotiqa, Avropa Parlamentinin digər üzvü xorvatiyalı Ladislav İlçiç, Azərbaycanın Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı, səfir Vaqif Sadıqov, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, Bosniya və Herseqovinanın Federal Mülki Müdafiə Administrasiyasının idarə rəisi Sead Vrana və Böyük Britaniyanın Mina Məsləhət Qrupu (MAG) təşkilatının regional direktoru Adam Komorovski çıxış ediblər.

Tədbir Aİ-yə üzv və tərəfdaş dövlətlərin bu sahədə üzləşdiyi çoxsaylı problemləri diqqətə çatdırmaq, humanitar minatəmizləmə səylərini vurğulamaq, Azərbaycan və Bosniya və Herseqovinanın nümunəsində mövcud təhlükənin miqyasını dəyərləndirmək və Aİ ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi daşıyır.

Qeyd olunan tədbirdə minaların müharibə bitdikdən sonra belə uzun müddət ərzində mülki şəxslərin, o cümlədən uşaq və qadınların həyatına və hüquqlarına yaratdığı təhdidlərdən danışılıb, bu zərərlərin reabilitasiya və reinteqrasiya üçün böyük əməli, sosial və psixoloji problemlər yaratdığı vurğulanıb.

Sonda çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə Avropa Parlamentinin deputat və nümayəndələri, müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşları, media və QHT nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları iştirak etdi.

https://www.youtube.com/watch?v=BJyzveQA0CE

Arxiv üzrə axtarış