2021-11-16

16 noyabr 2021-ci il tarixində Azərbaycanın Belçikadakı Səfirliyinin təşkilatçılığı ilə Brüssel Pres Klubunda “Azərbaycan - Avropa İttifaqı əlaqələri: Cənubi Qafqazda bağlantılar, nəqliyyat və investisiya” mövzusunda panel müzakirəsi keçirilmişdir.

Avropa Siyasət Mərkəzinin baş siyasi təhlilçisi Amanda Polun moderatorluğu ilə baş tutan panel müzakirəsində xarici işlər naziri Ceyhun Bayramov, Avropa Xarici Fəaliyyət Xidmətində Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktor Mixael Zibert, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş direktoratlığının Şərq Qonşuluğu və İnstitusional Quruculuq məsələləri üzrə direktoru Lourens Meredit, Avropa Parlamentinin deputatı, Nəqliyyat və Turizm Komitəsinin sədr müavini Andris Ameriks və Avropa Mühəndislər və Sənayeçilər Cəmiyyətinin prezidenti Samuel Furfari çıxış etmişdirlər

Post münaqişə dövrünün yaratdığı yeni iqtisadi, nəqliyyat perspektivləri müzakirə olunan paneldə nazir Ceyhun Bayramov 2020-ci il Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanat şərtlərinə uyğun olaraq, açılması nəzərdə tutulan nəqliyyat və kommunikasiya xətlərinin strateji əhəmiyyəti haqqında məlumat verdi.

Paneldə münaqişənin artıq başa çatması ilə artıq uzun müddətdir ki, Avropanın enerji təminatında xüsusi rol oynayan Azərbaycanın bütün region üçün önəmini daha da artırdığı bildirildi, 2020-ci il Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın Avropa İttifaqı üçün də post-münaqişə quruculuğuna, bərpa işlərinə qoşulmağa, o cümlədən sərhədlərin demarkasiya və delimitasiya işlərində, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında aktiv iştirak etməsinə imkan yaratdığı qeyd olundu.

Avropa Parlamentinin deputatı Andris Ameriks Azərbaycanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik etdi, Avropa İttifaqı və Avropa Parlamentinin dəfələrlə sərhəd toxunulmazlığının vacibliyini bəyan etdiyini söylədi.

 

Avropa İttifaqının Cənubi Qafqazla, xüsusilə də Azərbaycanla əməkdaşlıq perspektivləri barədə məlumat verən Mixael Zibert, bu əlaqələrin inkişafında Aİ-nin maraqlı olduğunu qeyd etdi. Aİ ilə Azərbaycan arasında aviasiya sazişi və ikitərəfli sazişin imzalanmasının əhəmiyyətini vurğulayan M.Zibert, Azərbaycanın daimi özünü etibarlı tərəfdaş kimi göstərdiyini və indi regionda yeni vəziyyət yarandığını bildirdi.

Panelin digər iştirakçısı Samuel Furfari Azərbaycanın enerji siyasəti və tarixi ilə bağlı məlumat verdi və Azərbaycanın enerji sahəsində Avropa üçün vacib əhəmiyyətə malik olduğunu dedi.

Konfransda bunlarla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verildi. Bərpa, reabilitasiya işlərində ağıllı şəhər və ağıllı kənd layihələrinə üstünlük verilməsi Avropalı ekspertlər tərəfindən yüksək qiymətləndirildi.

Sonda xarici işlər naziri Ceyhun Bayramov və Avropalı ekspertlər konfrans iştirakçılarının suallarını cavablandırdılar.

Tədbirdə Avropa İttifaqının müxtəlif siyasi institutlarının rəsmiləri, Avropa Parlamentindən nümayəndələr, Belçika Xarici İşlər Nazirliyinin əməkdaşları, müxtəlif beyin mərkəzlərinin əməkdaşları, media nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları və digərləri iştirak etmişdirlər.

Arxiv üzrə axtarış