2021-10-07

Energetika naziri Pərviz Şahbazov və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Belçika arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycanın energetika sektorunda həyata keçirdiyi islahatlar, enerji səmərəliliyi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, ümumilikdə enerji keçidi istiqamətində görülən işlər, hazırlanan qanunvericilik aktları, özəl investisiyaların cəlbi ilə həyata keçirilən enerji layihələri barədə məlumat verilib. Bu istiqamətdə iki ölkə arasında enerji əməkdaşlığının xüsusilə bərpa olunan enerji sahəsi üzrə inkişaf perspektivlərindən bəhs edilib, Belçika şirkətlərinin bərpa olunan enerji hərraclarında iştirakının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyinə inam ifadə olunub.

Ölkəmizin müəllifi olduğu mühüm enerji layihələrinin regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, xüsusilə enerji mənbə və marşrutlarının şaxələndirilməsinə xidmət edən “Cənub Qaz Dəhlizi”nin qlobal enerji təhlükəsizliyi kontekstində əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış