2021-09-14

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasına yeni təyin olunmuş nümayəndəsi ilə görüşünə dair məlumatı

14 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalkonu qəbul edib.

Petr Mixalko etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) nümayəndəsini təyinatı münasibətilə təbrik edib, onun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına töhfə verecəyinə inandığını bildirib.

Görüşdə tərəflər, Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, o cümlədən son dövr ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşlərinə hazırlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin Azərbaycan ilə Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, o cümlədən enerji sahəsində layihələrin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Petr Mixalko Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması, hazırda bu torpaqlarda aparılanbərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 

 

Arxiv üzrə axtarış