2021-05-27

Belçikada 28 May – Respublika Günü münasibətilə tədbirlər keçirilib

27 May 2021-ci il tarixində Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin binasında Azərbaycan Demokratik Respublikasının yaradılmasının 103-cü ildönümü münasibətilə Səfirliyin, NATO yanında daimi nümayəndəliyinin əməkdaşları və NATO yanında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov çıxış edərək, yaradılmasının 103-cü ildönümünü qeyd olunan Azərbaycan Demokratik Respublikasının milli tariximizdəki tutduğu yerin vacibliyini vurğulamış, ADR-in bu ilki ildönümünün müstəqilliyimizi əldə etdiyimiz dövrdən bu günə qədər olan ildönümlərdən öz xüsusi cəhəti ilə seçildiyini bildirmiş, bunun da müstəqil Azərbaycanın Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi altında öz ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar olduğunu qeyd etmişdir.

Səfir Fuad İsgəndərov həmçinin ulu öndər Heydər Əliyevin vaxtilə işğal altındakı ərazilərimizə qayıdacağımızı müjdələyən sözlərini xatırlatmış, onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bu arzusunu gerçəkləşdirdiyini diqqətə çatdırmış, tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etmişdir.

Səfirlik və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi adından Ulu Öndər Heydər Əliyevin büstü önünə çiçəklər qoyulmuş, ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Belçika Krallığının Vaterlo şəhərində yerləşən Qarabağ şahzadəsi Xurşudbanu Natəvanın abidəsinin önünə güllər qoyulmuşdur.

 

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış