2020-10-16

No:346/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycan Respublikasında uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumatı

Təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi BMT Nizamnaməsində elan edilmiş ideallar, xüsusilə də barış, ləyaqət, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilmək hüququndan məhrum etmişdir. Ermənistan Mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və I Əlavə Protokolla uşaqlar üçün təmin edilməli olan müdafiəni, xüsusilə yaşamaq hüququ, fiziki cəza, işgəncə və kollektiv cəzanın qadağan edilməsi, eləcə də bu sənədlərdə müəyyən edilmiş müharibənin aparılması qaydaları, o cümlədən mülki şəxslər və döyüşçülər arasında fərq qoymağın zəruriliyi və mülki şəxslərə qarşı hücumların qadağan edilməsi kimi qaydaları daim pozmuşdur. Bundan əlavə, Ermənistan, I Əlavə Protokolda yer alan “uşaqlar xüsusi hörmət obyekti olmalı və hər cür nalayiq hücumlardan qorunmalıdırlar” kimi müəyyənləşdirilmiş xüsusi qoruma prinsipindən irəli gələn öhdəliyinə açıq şəkildə məhəl qoymayıb.

Ermənistan əhalini qorxutmaq və qaçmağa məcbur etmək üçün soyqırımı aktından istifadə edib. Yalnız 1992-ci ildə Xocalı qətliamında, 63-ü uşaq olmaqla 613 mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüş və bir çoxu şikəst edilmişdir. IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə zidd olaraq üçdə biri uşaq olan 1 milyon azərbaycanlı zorla evlərindən qovulmuşdur. Təxminən 15 il məcburi köçkün uşaqların böyük bir hissəsi Azərbaycan Respublikası hökumətinin böyük səyləri və ayırdığı büdcə vəsaitləri sayəsində sonradan ləğv edilmiş çadır şəhərciklərində və dəmir yolu vaqonlarından ibarət kəndlərdə yaşamaq məcburiyyətində qalmışdır. Azərbaycandakı məcburi köçkün uşaqlar, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri də daxil olmaqla, müvafiq sənədlərin müddəalarına baxmayaraq, təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına könüllü qayıtmaq hüququndan yararlana bilmirlər.

IV Cenevrə Konvensiyasının uşaqlara qayğı və təhsillə bağlı bütün qurumların fəaliyyətinin işğalçı dövlət tərəfindən təmin edilməsini nəzərdə tutan 50-ci maddəsinin əksinə olaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı davamlı silahlı təcavüzü ölkəmizdə uşaqlar üçün infrastruktura ciddi ziyan vurmuşdur. Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin “dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə cavabdehdir. Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı məktəblilər və tələbələr doğma yurdlarından didərgin salınıblar. On minlərlə azərbaycanlı uşaq təhsil hüquqlarını davamlı köçkünlükdən qaynaqlanan ciddi problemlərlə üzləşərək həyata keçirirlər. Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan çoxlu sayda uşaq daima Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alan atəş təhlükəsi altında dərslərinə qatılırlar.

IV Cenevrə Konvensiyasının girov götürülməsini açıq şəkildə qadağan edən 34-cü maddəsinə və Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə zidd olaraq, 224 uşaq Ermənistan tərəfindən girov götürülmüş və sonradan sərbəst buraxılmış, 29 uşaq hələ də erməni girovluğunda sayılır. 71 uşaq itkin düşmüşdür.

Atəşkəs rejimi dövründə də Ermənistan uşaqları hədəf olaraq istifadə etmək kimi çirkin fəaliyyətlərdən çəkinməmişdir. Bu müddət ərzində 35-dən çox Azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.

27 sentyabr 2020-ci il tarixində Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı yeni təcavüzə əl atıb. Nəticədə 3-ü uşaq olmaqla, 47 azərbaycanlı mülki şəxs öldürülüb, 15-dən çox uşaq yaralanıb, 38 məktəb də daxil olmaqla mülki obyektlər dağıdılıb. Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən iki məktəbli, 13 yaşlı Şəhriyar Qurbanov və 14 yaşlı Fidan Qurbanova Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub və azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub.

Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb. 3 uşaq hər iki valideynini itirib.

Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın mülki şəxsləri, o cümlədən uşaqları və mülki infrastrukturu hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu dövlətin irqçi və ksenofob siyasətinin bariz nümayişidir. Uşaqları öldürmək və yaralamaq, eləcə də məktəb və xəstəxanaları atəşə tutmaqla Ermənistan BMT Təhlükəsizlik Şurasının 1261 saylı (1999) qətnaməsinə əsasən münaqişələr zamanı uşaqlara qarşı ağır cinayətləri törətməkdə davam edir. 

Uşaqlar gələcəyi təmsil edir. Bu gün beynəlxalq birlik bütöv bir nəslin on illərdir davam edən əzablarına məhəl qoymayaraq, haqq və qanunun aliliyini təmin etməməklə münaqişələrin davam etməsinə toxum səpir və gələcək nəsli qorumaq və onları təhlükəsiz mühitlə təmin etmək üçün ümumbəşəri mənəvi borcunu yerinə yetirməməklə dünyanın gələcəyini təhlükə altına alır. Bu baxımdan, beynəlxalq ictimaiyyəti, xüsusilə müvafiq beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan Respublikasında uşaqları və təhsil müəssisələrini qəsdən hədəfə almasına qarşı açıq şəkildə reaksiya verməyə və otuz ildir ki, davam edən cəzasızlıq mühitini dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırırıq. Biz, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan Respublikasında  uşaqlara qarşı ciddi qanun pozuntuları törətməsinə töhfə verən hərəkətlərdən, yəni bu ölkəyə siyasi, maliyyə və xüsusilə də hərbi dəstək verilməsindən çəkinməyə çağırırıq.

Arxiv üzrə axtarış