2020-02-25

Brüsseldə Beynəlxalq Ana Dili Günü keçirilib

Türkiyə Respublikasının Belçika Krallığındakı səfirliyində Beynəlxalq Ana Dili Günü münasibətilə azyaşlı uşaqların iştirakı ilə tədbir keçirilib.

Səfirliyin Təhsil müşavirliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirdə Türkiyənin Belçikadakı səfiri Həsən Ulusoy və baş konsulu Dilşad Kırbaşlı Karaoğlu, türk və yerli etnik qrupların birgə yaratdığı dərnəklərin təmsilçiləri, Belçikanın Kağonyon (Quaregnon) Bələdiyyəsinin Sosial Təbliğat məktəbində türk dili dərsləri alan tələbələr iştirak ediblər. Tədbirdə uşaqlar və tələbələr əsasən türk, eləcə də fransız, holland və ingilis dillərində bir çox şeir və mahnılar səsləndiriblər.

Türkiyə tərəfinin dəvəti üzrə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi bu tədbirdə təmsil olunub. Ölkəmiz adından 8 yaşlı Mədinə Bəşirova Səməd Vurğunun “Azərbaycan” şerini səsləndirib. Onun çıxışı auditoriyanın böyük maraq və sevgisinə səbəb olub.

Tədbirdə çıxışçılar tərəfindən ana dilinin mükəmməl mənimsənilməsi və sevgi ilə öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, bu mövqeyin istər elmi araşdırmalar əsasında, istər də UNESCO tərəfindən mütləq qaydada dəstəkləndiyi və tövsiyə olunduğu bəyan edilib.

Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi təşəbbüsü Banqladeş tərəfindən irəli sürülüb, 1999-cu ilin noyabr ayında UNESCO Baş Konfransı tərəfindən təsis olunub. BMT Baş Assambleyası 2002-ci il tarixli A/RES/56/262 saylı qətnaməsində bu bəyanatı dəstəkləyib. BMT Baş Assambleyası 2007-ci il tarixli A/RES/61/266 saylı qətnaməsində üzv dövlətləri “dünyanın bütün xalqları tərəfindən istifadə edilən dillilərin qorunması və müdafiəsi üçün tədbirlər görməyə” çağırıb.

Dil və mədəni müxtəlifliyi təbliğ etmək məqsədilə Beynəlxalq Ana Dili Günü 2000-ci ildən etibarən hər il qeyd edilir. Builki əlamətdar gün “Sərhədsiz dillər” devizi ilə keçirilib.

ana dili gunu1

ana dili gunu2

Arxiv üzrə axtarış