2019-06-24

“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib

Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib

Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının təsis edilməsinin 25-ci ildönümü münasibətilə AR-in YUNESKO üzrə Milli Komissiyası və AR-in Belçika Krallığındakı Səfirliyi tərəfindən həyata keçirilən “Belçikada Azərbaycan Muğamı Günləri” çərçivəsində 2019-cu il iyunun 20-23-də Brüssel, Vaterlo və Gent şəhərlərində Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun silsilə konsertləri keçirilib.

İyunun 20-də Brüsselin ən gözəl konsert saraylarından biri olan və hər gün yüzlərlə şəxsin ziyarət etdiyi Musiqi Alətləri Muzeyinin konsert zalında baş tutmuş ilk konsertdə Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Belçika dövlət qurumları və Avropa İttifaqı institutlarının, eləcə də şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər. AR-in Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov tədbir zamanı çıxış edərək, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş UNESCO ilə əməkdaşlığımızın sürətli inkişafında, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətini xüsusi vurğulayıb.

Növbəti konsert ənənəvi Musiqi Bayramı Festivalı çərçivəsində Vaterlo şəhərinin Meriyası ilə birgə iyunun 22-də Vaterlo şəhərində keçirilib. Avropanın tarixində önəmli yer tutan və görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin ucaldığı bu şəhərin sakinlərinin qatıldığı konsert yerli ictimaiyyətdə geniş maraq doğurub, “Qarabağ” qrupu Musiqi Festivalı çərçivəsində dünya mədəniyyətini təmsil edən yeganə kollektiv olub.

Belçikada Muğam Günləri çərçivəsində sonuncu konsert bu ölkənin tarixi irs abidələri sırasında önəmli yer tutan və inşası 10-cu əsrə təsadüf edən Müqəddəs Bavo Monastrında keçirilib. Gent şəhəri bələdiyyəsi və “De Centrale” Mədəniyyətlərarası Musiqi Mərkəzi tərəfindən birgə təşkil olunmuş konsert şəhər ictimaiyyətində geniş maraq doğurub və Azərbaycanın zəngin mədəniyyətin təbliğinə töhfə verib. 

Konsertlər yerli mətbuat tərəfindən işıqlandırılıb, sosial şəbəkələrdə minlərlə insanın qoşulduğu hesablar vasitəsilə canlı yayımlanıb.

Hər 3 konsertlə xanəndə Mənsum İbrahimovun, eləcə də tarzən Elçin Həşimovun, kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun nümayiş etdirdikləri ən yüksək ifaçılıq məharəti, təqdim etdikləri Azərbaycan muğamları və xalq havaları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

12_15_1678

Arxiv üzrə axtarış