Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfransda iştirak edib
18 iyun tarixində Brüsseldə keçirilən QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfransda Azərbaycan tərəfi Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Hər iki qurumun üzvü olan və hal-hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən Bolqarıstan və Avropa İttifaqında sədrlik edən Rumıniyanın birgə təşəbbüsü əsasında keçirilən bu tədbirdə çıxış zamanı M.Məmməd-Quliyev Azərbaycanın həm QDİƏT-in üzvü olaraq, həm də Aİ ilə tərəfdaşlığı inkişaf edərək bu məkanda əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
O, Azərbaycanın QDİƏT-də başa vurduğu sədrliyinin təcrübəsinə istinad edərək, regional bağlılığın təşviqi, eləcə də nəqliyyat, informasiya texnologiyaları və enerji sahələrində əməkdaşlıq sayəsində Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirilməsi üçün çalışdığını vurğulayıb.
M.Məmməd-Quliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün bölgənin zəngin potensialından tam şəkildə faydalanması üçün əngəllər törtdiyini xüsusilə diqqətə çatdırıb.
Nazir müavini QDİƏT ölkələri üçün Aİ ilə əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin prioritet olduğunu bildirərək, bu istiqamətdə əlaqələndirilmiş fəaliyyətin vacibliyindən bəhs etdi. Bu mənada, o, Azərbaycanın həm QDİƏT, həm də Aİ istiqamətində səylərini artıraraq bölgəyə sülh, sabitlik və inkişafın gətirilməsinə çalışacağını bildirdi.
Eyni zamanda, Azərbaycan rəsmisi QDİƏT-Aİ əməkdaşlığının davamlılığına diqqət yetirərək, bu əməkdaşlığın konkret proqramlar və fəaliyyət planları əsasında daha strukturlaşmış şəkildə davam etdirilməsinin önəmini vurğuladı. Hazırda daha çox vaxtaşırı xüsusiyyət daşıyan və Aİ üzv ölkəsinin QDİƏT-də sədrliyinə təsadüf edən canlanma təəssüratının gələcəkdə dayanıqlı əməkdaşlıq formatında həyata keçirilməsi vacib məsələ kimi tədbir iştirakçıları qarşısında qaldırılıb.
Qeyd etmək istərdik ki, cari ilin 17 iyun tarixində Aİ Şurası Qara dəniz regional əməkdaşlığında Aİ-nin iştirakına dair tövsiyələri sənədini qəbul edib. Orada Aİ-nin Qara dəniz məkanındakı təhlükəsizliyə olan təhdidlərdən narahatlığı bir daha ifadə edilir və bu xüsusda beynəlxalq hüquq, o cümlədən müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət edilməsinin Aİ-nin Qara dəniz məkanında regional əməkdaşlıq yanaşmasının fundamental əsasını təşkil etdiyi vurğulanır.