2018-11-19

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Lüksemburq, 19 noyabr, AZƏRTAC 

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış rəssam Anar Hüseynzadənin “Abşeron nağılı” adlı fərdi sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfir Fuad İsgəndərov “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya mərkəzində bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açıb, Azərbaycan mədəniyyəti və incəsənətindən danışıb.

Bildirilib ki, A.Hüseynzadə məktəblilər üçün dərnəklərdə rəngkarlıq sənəti ilə məşğul olmağa başlayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. A.Hüseynzadənin əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın ilk fərdi sərgisi 2014-cü ildə təşkil olunub. Onun “Qədim şəhər” əsəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən 2007-ci ildə BMT-nin İsveçrə bölməsində yaradılan “Azərbaycan otağı”na təqdim edilib.

Qeyd edilib ki, rəssamın yaradıcılığında əsas hədəf öncədən təyin edilmiş sərhəd və çərçivələrdən kənara çıxmaq, rənglərin köməyi ilə özünəməxsus məkan yaratmaqdır. Onun əsərlərində Abşeron, Bakı, İçərişəhər mövzuları, eləcə də sadə insanların portretləri və fəlsəfi mövzular rənglərin dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi və istifadə edilən təsviri metodlar rəssamın əsərlərinə xüsusi cazibədarlıq verir. Avropa Şurasında, Vyanada rəssamın fərdi sərgiləri təşkil edilib. A.Hüseynzadə Almaniya, İsveçrə, İngiltərə, Türkiyə, Özbəkistan və Moldovada festivallarda iştirak edib.

Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Lea Linster mərkəzin əsas fəaliyyətinin mədəniyyətimizi təbliğ etmək olduğunu vurğulayıb. Ölkəmizə səfərini xatırlayaraq, zəngin mədəniyyətimizə məftun olduğunu bildirib. Mərkəzin digər azərbaycanlı rəssamların sərgilərini təşkil etməkdə maraqlı olduğunu qeyd edib.

A.Hüseynzadə yaradıcılığında Abşeron mövzusunun mühüm yer tutduğunu, əsərlərinin doğma yurduna sevgisini təcəssüm etdirdiyini diqqətə çatdırıb. O, “Qarabağ” Azərbaycan Mədəniyyət Mərkəzinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Tədbir iştirakçıları azərbaycanlı rəssamın sərgisini ziyarət edərək, nümayiş olunan əsərlərlə bağlı təəssüratlarını bölüşüblər.

Arxiv üzrə axtarış