TANAP layihəsinin açılışı Avropa mətbuatının diqqət mərkəzində
Brüssel, 15 iyun, AZƏRTAC
Avropa İttifaqı məsələlərini işıqlandıran “EurActiv” və “New Europe” xəbər portallarında Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi barədə məqalələr dərc edilib.
Yazılarda Azərbaycan qazını Avropaya daşıyacaq TANAP-ın bu yaxınlarda Türkiyənin Əskişəhər şəhərində keçirilmiş açılış mərasimindən bəhs edilir. TANAP layihəsinin texniki imkanları, iqtisadi potensialı və perspektivləri barədə ətraflı məlumatın yer aldığı məqalələrdə kəmərin Türkiyənin qaz təchizatının Rusiyadan asılılığını azaldacağı qeyd edilir. Bildirilir ki, qaz boru kəməri Azərbaycandan başlayaraq, Gürcüstan və Türkiyədən keçməklə Yunanıstana qədər çatır və uzunluğu 1850 kilometrdir.
Müəllif, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin TANAP qaz boru kəmərinin istifadəyə verilməsi ilə bağlı açıqlamasından da sitat gətirib. “TANAP Cənubi Qafqaz Boru Kəməri və Transadriatik qaz kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsidir. Buna görə də Trans-Anadolu qaz kəmərinin rəsmi açılışı mühüm mərhələdir. Belə ki, bu hissə ticari əsasda Xəzər regionundan qazı Türkiyəyə nəql etməyə imkan verəcək. Başqa sözlə, biz enerji birliyi çərçivəsində niyyətləri reallığa çeviririk və real nəticələr əldə edirik. Avropaya enerji resursları tədarükünün təchizatçılarını və marşrutlarını şaxələndirməyə xidmət edən Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyi üçün mühüm strateji layihədir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarları arasındakı bu “körpü”dən qazanırıq. Bizim uzunmüddətli məqsədimiz azad ticarətə, rəqabətə və tədarüklərin, mənbə və marşrutların şaxələndirilməsinə əsaslanan ümumavropa enerji bazarı yaratmaqdır. Bu onu göstərir ki, enerji birliyi Aİ sərhədlərində dayanmır və güclü xarici ölçüyə malikdir”, - deyə açıqlamada bildirilir.