Azərbaycan Avropa Komissiyası ilə maliyyə idarəetməsi sahəsində əməkdaşlığı müzakirə edib
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Avropa Komissiyası ilə maliyyə və büdcə idarəetməsi istiqamətində əməkdaşlığı müzakirə edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələr maliyyə naziri Samir Şərifovun iyunun 1-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb. Söhbət zamanı Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə məlumat verilib, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə, eləcə də enerji və tranzit imkanlarının əhəmiyyəti qeyd olunub, Azərbaycanın əsas ticarət tərəfdaşı kimi quruma üzv ölkələrlə mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə maliyyə və büdcə idarəetməsi istiqamətində əməkdaşlıq, texniki və maliyyə yardımları, Avropa İttifaqı tərəfindən dəstəklənən layihələr, eləcə də gələcək qrant proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.