Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Günter Ottinger ilə bundan əvvəl Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini vurğulayaraq, bunun ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi və Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqının dəstəyini və Günter Ottingerin verdiyi töhfəni yüksək qiymətləndirdi.
Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin salamlarını dövlətimizin başçısına çatdırdı. Eyni zamanda, dövlətimizin başçısına yeni prezidentlik dövründə fəaliyyətində uğurlar arzuladı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə təbriklərini çatdırdı. Günter Ottinger bundan əvvəl Prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlərini məmnunluq hissi ilə xatırladı. Cənub Qaz Dəhlizinin açılışının əhəmiyyətinə toxunan Günter Ottinger bunu çox mühüm hadisə kimi dəyərləndirdi və bu dəhlizin Azərbaycanın və regionun Avropa ilə birləşdirilməsi baxımından önəmini qeyd etdi. Bildirdi ki, Cənub Qaz Dəhlizi qlobal əhəmiyyət daşıyır və bu dəhlizin reallaşması, öz növbəsində, Azərbaycanda və regionda nəqliyyat, kənd təsərrüfatı, İKT və turizm sahələrinin inkişafına təkan verəcək. Günter Ottinger əminliklə vurğuladı ki, təmsil etdiyi qurum Azərbaycanın bundan sonra da Avropa İttifaqını dünyanın digər regionları ilə əlaqələndirəcək qlobal və regional layihələrini dəstəkləyəcək.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların yaxın zamanlarda uğurla başa çatacağına və siyasi, iqtisadi, humanitar, mədəni və bütün digər sahələrdə əməkdaşlığı əhatə edəcəyinə ümidvarlıq ifadə olundu, Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, enerji, investisiya, nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Jan-Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş etdi.