Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Brüsseldə qeyd olunub
2018-ci il iyun ayının 7-də Brüssel şəhərinin tarixi “Grand Place” meydanında yerləşən Meriyasının binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul və pianoçu İsfar Sarabskinin konserti keçirilib. Tədbir Azerbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən Brüssel şəhər Meriyasının dəstəyi ilə təşkil olunub.
Tədbirin əvvəlində Azərbaycan himni səsləndirilib.
Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun başçıları və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla 300 qonağın iştirak etdiyi tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə danışıb.
Daha sonra məşhur pianoçu İsfar Sarabskinin konserti keçirilmiş və ifa edilmiş musiqi parçaları tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanıb.
Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət zamanı Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim edilib.
Tədbir yerli və xarici KİV tərəfindən işıqlandırılıb.