2018-05-08

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin XV iclası öz işinə başlayıb

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Milli Məclisdə Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin XV iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək iclasın birinci günündə Azərbaycan-Avropa İttifaqı arasında hərtərəfli sazişlə bağlı danışıqların cari durumu, ölkəmizdə siyasi dialoq və islahatlar, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat məsələlərinə dair müzakirələr aparılıb.

İclası açan Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir FEYZİYEV bildirib ki, Avropa İttifaqı və Azərbaycan parlamentləri arasında birillik fasilədən sonra 2016-cı ilin sonunda bərpa olunan əlaqələr bu gün çox intensiv xarakter alıb. 2017-ci ildə Azərbaycan nümayəndə heyəti dəfələrlə Brüsselə və Strasburqa səfər edib, eləcə də Avropa Parlamentinin nümayəndələri il ərzində Azərbaycana gəliblər. Hesab edirik ki, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında genişlənən əlaqələrdə parlamentlərarası əməkdaşlığın rolu çox böyükdür.

“Biz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin zamanın nəbzini tutaraq inkişaf etməsindən çox razıyıq”, - deyən Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad KƏRİM qurumla ölkəmiz arasında ortaq çağırışların olduğunu söyləyib. O, mövcud əlaqə və əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanın ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Avropa İttifaqı ölkələrinin neftə tələbatının müəyyən hissəsini də Azərbaycan təmin edir. Avropa İttifaqı “Cənubi Qafqaz Qaz Dəhlizi” layihəsinə böyük önəm verir. Əməkdaşlığın təkcə enerji ilə məhdudlaşmadığını deyən Sayyad Kərim qeyd edib ki, Avropa İttifaqını Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi də maraqlandırır. Azərbaycan artıq Avropa və Asiya arasında nəqliyyat mərkəzinə çevrilir. Bu sahədə böyük imkanlardan biri Bakı-Tbilisi-Qars dəmir yoludur. “Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycandakı sabitlik Avropa üçün olduqca böyük önəm kəsb edir. Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri sülh şəraitində yaşayır və bu, ölkənin tolerant olmasından xəbər verir”, - deyən Sayyad Kərim bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdüklərini qeyd edib. Vurğulayıb ki, bu görüş iclasımızda aparılan müzakirələr üçün çox gözəl zəmin yaradıb.

“Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdəndir. Bu məsələ ölkəmizin müstəqilliyinin və suverenliyinin bərpa edildiyi vaxtdan gündəmdədir. Bu münasibətlər vaxtilə yardım əsasında başlanıbsa, biz indi qarşılıqlı faydalı əməkdaşlıqdan danışırıq və bunlar hər iki tərəfin marağındadır”, - deyən xarici işlər nazirinin müavini Mahmud MƏMMƏDQULİYEV Azərbaycan-Avropa İttifaqı arasında hərtərəfli sazişlə bağlı danışıqların hazırkı vəziyyət barədə məlumat verib. Bildirib ki, tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması, vizaların asanlaşdırılması, mobillik sahəsində tərəfdaşlığa dair müştərək bəyannamə və digər addımlar uğurlu əməkdaşlığa yol açıb. Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlarla bağlı saziş tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır, amma yeni sazişin imzalanması da vacib məsələdir.

Mahmud Məmmədquliyev sazişlə bağlı görülən işlərdən danışaraq üç istiqaməti - siyasi təhlükəsizlik, ticarət və investisiya, sektoral məsələləri qeyd edib. Vurğulayıb ki, siyasi baxımından Azərbaycan üçün əsas məsələ qarşılıqlı öhdəliklərin əks etdirilməsidir. Bu, ümumi qaydada qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşılması deməkdir. Bu, bilavasitə beynəlxalq aləmdə tanınmış sərhədlərin etiraf edilməsi məsələsini özündə əks etdirir. Azərbaycan Respublikasının ərazi toxunulmazlığı təkcə Azərbaycan üçün deyil, Avropa İttifaqı üçün də mühüm məsələdir. Bu, həmçinin bütövlükdə regionun sabitliyi və inkişafı ilə bağlı məsələdir. Diqqəti Azərbaycanın işğal altındakı torpaqlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən nazir müavini deyib ki, həmin ərazilərdəki təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Qurum beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir. Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Avropa İttifaqı ölkələrindən olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərməklə Azərbaycan qanunvericiliyini pozurlar. Nazir müavini bununla bağlı İşçi Qrupunun yaradılmasını və məsələnin hüquqi müstəvidə həllini tapmasını təklif edib.

Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini, Rusiya, Şərq tərəfdaşlığı, Mərkəzi Asıya və ATƏT üzrə direktor Lük DEVİN ötən 22 ildə Azərbaycanın çox dəyişdiyini, bu müddət ərzində qurumla Azərbaycan arasında münasibətlərin də çox dərinləşdiyini söyləyib. “Azərbaycan bizim strateji enerji tərəfdaşımız və Avropa İttifaqının qaz mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyi üçün əhəmiyyətli olan “Cənub Qaz Dəhlizi” layihəsinin ən mühüm tərəfdaşıdır. Bu fakt Şuranın qərarı ilə də təsdiq edilib. Avropa İttifaqı olaraq biz, siyasi və coğrafi cəhətdən mürəkkəb bir regionda yerləşən dünyəvi dövlət və müsəlman ölkəsi olan Azərbaycandakı sabitliyi, onun regiondakı siyasi rolunu da yüksək qiymətləndiririk. Habelə Azərbaycanın dözümlülük və multikulturalizm sahəsindəki təcrübəsi də əhəmiyyətlidir. Avropa İttifaqı bu təcrübədən ciddi dərslər çıxara bilər”, - deyə Lük Devin qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV iclasda çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bu ay tamam olacağını diqqətə çatdıraraq bildirib ki, 23 ay yaşayan bu dövlətin baniləri onu klassik Avropa demokratiyası tipində qurmaq və inkişaf etdirmək vəzifəsini qarşıya qoymuşdular. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Cümhuriyyətin mövcudluğuna son qoyuldu və Azərbaycan 70 il tamamilə fərqli ideoloji sistemdə yaşamağa məcbur edildi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü, qlobal geosiyasi amillərin təsiri altında cərəyan edən ictimai-siyasi proseslər, sosial-iqtisadi tənəzzül ölkədə ciddi böhran yaratmışdı. Belə bir şəraitdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev Azərbaycanın ali rəhbərliyinə gəldi və onun xidmətləri sayəsində ölkədə sabitlik bərqərar olundu, demokratik siyasi, humanist sosial münasibətlər sisteminə və liberal iqtisadiyyata keçid təmin edildi, müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu. Bu ali sənəddə dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, habelə liberal iqtisadiyyatın yaradılmasının təməl prinsipləri təsbit olundu və praktiki fəaliyyət prosesində uğurla tətbiq edildi. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə siyasi plüralizm, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti Azərbaycanın dinamik inkişafını təmin edən başlıca amillərdir. Hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (qeyri-kommersiya təşkilatları isə 4 mindən çoxdur), 5 mindən artıq kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları fəaliyyət göstərir.

Plüralizmin müasir Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyətlərindən biri olduğunu diqqətə çatdıran Əli Həsənov ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərmələri üçün mükəmməl qanunvericilik bazasının yaradıldığını, partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı çox sadə tələblər müəyyənləşdirildiyini, onların fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsindən vəsait ayrıldığını vurğulayıb. Əli Həsənov bildirib ki, siyasi partiyalardan 40-dan çoxu mövcud hakimiyyətə müxalifət mövqeyində dayanır. 11 partiya, o cümlədən 7 müxalifət partiyası Milli Məclisdə təmsil olunur. Aprelin 11-də keçirilən prezident seçkilərində 6 partiyanın namizədi iştirak edib.

Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verildiyini söyləyən Prezidentin köməkçisi bildirib ki, hazırda Azərbaycan dövləti şuralar və fondlar vasitəsilə vətəndaş cəmiyyəti institutlarına yardım göstərir.

Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə bağlı strateji hədəflərinin “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapdığını vurğulayan Əli Həsənov vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. “Elektron hökumət” portalının, “ASAN xidmət” mərkəzlərinin, “Fərdi elektron pəncərə” sisteminin fəaliyyətə başlaması, QHT-lərə Dövlət Dəstəyi Şurası yanında Hüquq və Monitorinq Komissiyasının, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması, qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi bu istiqamətdə atılan mühüm addımlardır.

Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Əli Həsənov bildirib ki, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycanda mətbuat üzərində senzura ləğv olunub, Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyəti dayandırılmaqla dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. Prezidentin köməkçisi deyib: “Hazırda Azərbaycanın istənilən vətəndaşı müvafiq quruma xəbərdarlıq edərək media fəaliyyətinə başlaya bilər. Elektron media sahəsində işləmək üçün yalnız domen almaq tələb olunur. Ölkədə internet istifadəçilərinin sayı 80 faizi ötüb. 10 milyona yaxın əhalisi olan ölkədə 3 milyonadək sosial şəbəkə istifadəçisi var. Az.domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötüb. KİV-lərin ümumi sayı isə 5 mini keçib. Azərbaycan Respublikasının Prezidenti yanında yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli şərait yaratmaq, KİV-lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Bu günədək Fond vasitəsilə KİV-lərə 40 milyon manata yaxın vəsait ayrılıb. Əlbəttə, qeyd edilənlər son hədd deyil. Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, ölkədə siyasi islahatlar davam etdirilməli, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər daha da gücləndirilməlidir”.

Respublikadakı hüquqi islahatlardan danışan deputat Çingiz QƏNİZADƏ isə bildirib ki, 1995-ci ildən başlayaraq ölkədə bu günədək 63 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı qəbul olunub. Bu, Azərbaycan dövlətinin humanizminin təntənəsidir. Həmin sənədlər 100 minlərlə insanı əhatə edib. Azərbaycanın bu sahədə gördüyü işlər nümunəvi xarakter daşıyır.

“Azərbaycanın neft-qaz sənayesinə xarici sərmayələrin, müasir texnologiyaların cəlb edilməsinin uğurlarının təməlində qanunvericilik, arbitraj prosedurları dayanır”, - deyən Milli Məclis sədrinin müavini Valeh ƏLƏSGƏROV enerji və nəqliyyat sahəsində görülən işlərdən ətraflı söhbət açıb. Məlumat verib ki, hazırda rəhbəri olduğu işçi qrupu tərəfindən hazırlanan "Azad iqtisadi zonalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə qəbul olunub. Sənəd bu yaxınlarda üçüncü oxunuşda qəbul ediləcək. Bu qanun sərmayə qoymaq istəyən fiziki və hüquqi şəxslərin fəaliyyətinə kömək göstərəcək. Ələt Azad Ticarət Zonasında yalnız bu sənədin işləyəcəyinə zəmanət veriləcək. Xarici sərmayədarlar bu qanunu və Azad Ticarət Zonasında daxili qaydaları rəhbər tutaraq işləri apara biləcəklər.

Valeh Ələsgərov xatırladıb ki, neftlə bağlı birinci kontrakt imzalananda Azərbaycan Respublikasında xarici investorların qanuni hüquqlarını qoruyan qanunvericilik yox idi. Buna görə də tarixdə olmayan bir qərar verildi: Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında imzalanan hər bir kontrakt Azərbaycan Respublikasının Milli Məclisində qanun olaraq qəbul edildi.

Daha sonra Valeh Ələsgərov diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldərək regiondakı münaqişələrin əməkdaşlıq üçün təhlükə olduğunu deyib. O, təhlükələrin aradan qaldırılması üçün həmin münaqişələrin həllinin vacibliyini vurğulayıb.

İclas işini mayın 8-də davam etdirəcək.

Arxiv üzrə axtarış