2017-07-20

Səfir Fuad İsgəndərov "Trend" xəbər agentliyinə Aİ-Azərbaycan münasibətlərinə dair müsahibə verib

Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və səmərəli tərəfdaşlığı hədəf seçib

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar ciddi, səmərəli və ətraflı şəkildə gedir.

Bunu Trend-ə müsahibəsində Azərbaycanın Aİ yanında daimi nümayəndəsi, Belçikadakı səfiri Fuad İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı tarixində ilk ölkədir ki, öz saziş layihəsini tərəfdaş ölkə qismində təqdim edib: "Aİ kifayət qədər böyük təşkilatdır, ölkələrlə münasibətlərini özü qurur və əməkdaşlıq haqqında layihə hazırlayır. Lakin 2015-ci ildə Riqada "Şərq tərəfdaşlığı" sammitində Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında öz saziş layihəsini təqdim etdi, hazırda da danışıqlar məhz bu sənəd əsasında davam edir".

F.İsgəndərov bildirib ki, sazişin məqsədi ilk növbədə Azərbaycan və Aİ arasında bərabərhüquqlu strateji və gələcəyə istiqamətlənmiş münasibətlərin qurulmasıdır: "Biz sazişin imzalanması tarixini təqib etmirik, bizim üçün danışıqların kontenti daha vacibdir".

Diplomat qeyd edib ki, iyulun 19-da Brüsseldə siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu baş tutacaq: "Ümumilikdə danışıqlar prosesi üç bloku əhatə edir: siyasi və təhlükəsizlik; iqtisadiyyat və ticarət; ikitərəfli münasibətlərin digər sahələri. Siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqlar tərəflərin bərabər şərtlərlə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət haqqında müzakirələr apardığı strateji tərəfdaşlıq üzrə dialoqdur. Bu bizim üçün əsas məqamdır və bu blok bir çox məsələləri, o cümlədən siyasi dialoq, regional və strateji təhlükəsizlik məsələlərini əhatə edir".

Danışıqların ikinci blokuna gəldikdə, səfir vurğulayıb ki, Azərbaycan Aİ ilə bu sahədə əməkdaşlığa çox praqmatik yanaşır: "Biz yaxşı iqtisadi münasibətlərə əsaslanan siyasi dialoq qururuq. "Cənub Qaz Dəhlizi" səmərəli siyasi dialoq üçün yaxşı iqtisadi əsası olan ciddi layihədir".

F.İsgəndərov deyib ki, Aİ Azərbaycanın aparıcı ticarət tərəfdaşıdır. Belə ki, Avropa İttifaqı ilə ticarətin payı müxtəlif illərdə 43,2-dən 53 faizədək təşkil edib.

Xatırladaq ki, cari il fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərindən dərhal sonra danışıqlara başlanıldı. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk danışıqlar prosesinə start verdilər.

 

Səfir: Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır

Bakı. Səba Ağayeva - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır.

Bu barədə Trend-ə müsahibəsində Azərbaycanın Aİ-dəki daimi nümayəndəliyinin rəhbəri, Belçikadakı səfir Fuad İsgəndərov deyib.

Diplomat qeyd edib ki, Aİ dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə və ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dəstək verdiyini bildirib, lakin münaqişənin nizamlanması üzrə mandata malik deyil: "Bu mövqe Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Aİ diplomatiyasının rəhbəri Federika Mogerini, həmçinin Avropa Parlamenti (AP) səviyyəsində səsləndirilib. Azərbaycan tərəfindən bu mövqenin müsbət qiymətləndirilməsi Prezident İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri zamanı ifadə edilib".

Azərbaycan və AP arasındakı münasibətlərə toxunan F.İsgəndərov bildirib ki, bu əlaqələr bir illik fasilədən sonra davam etdirilib:

"Məlum olduğu kimi, 2015-ci ildə Avropa Parlamenti tərəfindən Azərbaycana münasibətdə tamamilə yolverilməz və qeyri-adekvat qətnamənin qəbul olunmasından sonra bu münasibətlər həm ikitərəfli, həm də Avronest Parlament Assambleyası səviyyəsində donduruldu. Bunun nəticəsində Azərbaycan Parlamenti müvafiq qərar qəbul etdi. Qərarda Avropa Parlamenti ilə qarşılıqlı əməkdaşlığın dayandırılması dəqiq bəyan edildi. Lakin 2016-cı ildə Avropa Parlamenti bu əlaqələri bərpa etmək üçün Azərbaycana münasibətdə kifayət qədər müsbət addım atdı".

Səfir xatırladıb ki, Azərbaycan tərəfi müsbət reaksiya verdi və 2016-cı ilin sentyabrı və 2017-ci ilin mayında AP-nin nümayəndə heyətlərinin Azərbaycana səfəri baş tutdu: "Bu səfərlər zamanı Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı mövqeyi aydın şəkildə bəyan edildi. Hazırda bu kontekstdə münasibətlər inkişaf edir".

Onun sözlərinə görə, şübhəsiz ki, münasibətlərdə bəzi problemlər var: "Avropa Parlamentinin bir sıra üzvləri Azərbaycanla münasibətlərə zərər vurmaq istəyirlər. Azərbaycanda Avropa Parlamentinin 3 üzvünə qarşı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlə əlaqədar cinayət işi qaldırılıb".

F.İsgəndərov, həmçinin AP-nin bir çox üzvlərinin Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri atəşə tutmasına kifayət qədər sərt reaksiya verdiyini xatırladıb: "Avroparlamentarilər tərəfindən belə reaksiya Avropa Parlamentinin ümumilikdə vəziyyətə münasibətindən xəbər verir".

Arxiv üzrə axtarış