2017-06-27

Lüksemburqda “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətində Azərbaycanın Belçikadakı və Lüksemburqdakı səfirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən “Azərbaycan - tolerantlıq diyarı” adlı sərginin açılış mərasimi keçirilib.

Sərgidə Azərbaycanın 24 gənc rəssamının 84 əsəri nümayiş etdirilir.

Sərginin açılış mərasimində “Qarabağ” Mədəniyyət Cəmiyyətinin vitse-prezidenti xanım Eva Rodik çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin önəmindən danışıb.

Sonra çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik, eyni zamanda, möhkəm tolerantlıq ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayıb. O, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gün bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxarılması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib. Diplomat iştirakçı rəssamlara sertifikatlar təqdim edib.

Lüksemburq ictimaiyyətinin diqqətini cəlb edən tədbirdə bu ölkədə yaşayan Azərbaycan diasporunun üzvləri, diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının, tədqiqat mərkəzlərinin və media qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir Lüksemburq KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

 

 

Arxiv üzrə axtarış