2016-10-05

Belçikada səfərdə olan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov Belçika Federal Parlamentində keçirilən dinləmələrdə iştirak etmişlər

Belçikada səfərdə olan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov 2016-cı il oktyabrın 5-də Belçika Federal Parlamentində olmuş və Xarici Əlaqələr Komissiyasının üzvlərinin iştirakı ilə təşkil edilən dinləmələrdə iştirak etmişlər.

Dinləmələr zamanı çıxış edən R.Rzayev Azərbaycanın keçməkdə olduğu inkişaf yolu haqqında komissiya üzvlərinə ətraflı məlumat vermiş və hazırda ölkə qarşısında duran əsas problemin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğunu vurğulamışdır. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 1 milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün durumunda yaşamaq məcburiyyətində qaldığını bildirmiş və Avropanın bu gün üzləşdiyi kəskin qaçqın probleminin Azərbaycan üçün 1990-cı illərin əvvəllərindən başladığını xatırlatmışdır. İcma üzvü daha sonra münaqişə ətrafındakı status kvonun saxlanılmasının qeyri-mümkün olduğunu və regionun gələcəyi baxımından ciddi risklər doğura biləcəyini, Ermənistanın təxribatçı əməlləri nəticəsində bu ilin aprel ayında cəbhə bölgəsində yaşanan hadisələrin bunun əyani sübutu olduğunu bildirmişdir. R.Rzayev həmçinin Belçika Parlamentinin müvafiq dostluq qruplarının Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında yardım göstərmək imkanlarını araşdırmalarının münaqişənin həllinə real töhfə verə biləcəyini də əlavə etmişdir.

F.Muradov öz çıxışında BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyini vurğulamış və Azərbaycanın münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinə tərəfdar olduğunu söyləmişdir. O, habelə avropalı parlamentarların Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə səfər etmələrinin yolverilməz olduğunu  bildirmiş və erməni tərəfinin bundan sui-istifadəsinə yol verməmək üçün belçikalı həmkarlarını gələcəkdə belə hallardan çəkinməyə çağırmışdır.

Belçikalı deputatlar öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həllinin Avropa İttifaqının yaxın qonşuluğunda sabitliyin bərqərar olmasına töhfə verəcəyi qənaətində olduqlarını bildirmiş, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa getmiş bir neçə belçikalı deputatın bunu, federal parlamentin fəaliyyəti çərçivəsində deyil, yalnız və yalnız öz şəxsi təşəbbüsləri əsasında mövcud vəziyyət barədə yerində məlumat almaq məqsədilə etdiklərini, eləcə də Belçika Parlamentinin münaqişənin həllinə hansı formada töhfə verə biləcəyi barədə xarici əlaqələr komissiyası çərçivəsində müzakirələr aparacaqlarını qeyd etmişlər.

Sonda komissiya üzvlərini maraqlandıran suallar cavablandırılmışdır. 

 

Arxiv üzrə axtarış