XİN Belçikadakı Azərbaycan vətəndaşlarına terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib
Bakı, 23 noyabr, AZƏRTAC
Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Səfirliyin bütün əməkdaşları iş yerindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev deyib: “Hazırda Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmağı və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq mühafizə orqanlarının tələblərinə riayət etməyi tövsiyə edirik”.
Diqqətə çatdırılıb ki, NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir.