Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
2015-ci ilin 8 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər.
Azərbaycanın Avropa İttifaqına üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirən nazir Elmar Məmmədyarov Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırdı.
Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq və TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olundu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verən nazir Elmar Məmmədyarov digər Avropa institutları kimi Aİ-nin də münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söylədi. Mövcud status kvonun qeyri-dav
amlı və qəbuledilməz olduğunu deyən Elmar Məmmədarov əlavə etdi ki, status kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Elmar Məmmədyarov işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli nəticəsində regional inkişaf üçün yeni imkanların yaranacağını diqqətə çatdırdı. Ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın ardıcıl demokratik inkişafının davam etdirildiyini bildirdi.
Görüş zamanı tərəflər Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğuladılar. Eləcə də, tərəflər elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd etdilər .
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər barəsində fikir mübadiləsi aparıldı.