IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.
Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.
Təşkilat Komitəsinə müvafiq dövlət və hökumət qurumlarının, Milli Olimpiya Komitəsinin rəhbərləri və üzvləri daxildir. Təşkilat Komitəsinə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.
Sərəncamda İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərarın Azərbaycanda məmnunluqla qarşılandığı bildirilir. “Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır”, - deyə Sərəncamda vurğulanır.
Bildirilir ki, İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.
Sənəddə uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsinin Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracağı, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəyi qeyd olunur.