Donald Tusk: Azərbaycan Aİ-nin etibarlı strateji və enerji tərəfdaşıdır
Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Anaxanım Hidayətova/
“Azərbaycan Avropa İttifaqının etibarlı strateji və enerji tərəfdaşıdır”.
Trend-in məlumatına əsasən, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) məqsədi qazın təhdid qismində istifadə edilməsinin aradan qaldırılmasıdır: “Ukraynadakı münaqişə göstərdi ki, bu cür təhdid hələ də mövcuddur”.
D.Tusk bildirib ki, bu səbəbdən Aİ tədarüklərin şaxələndirilməsinə istiqamətlənib, Azərbaycan isə bu istiqamətdə İttifaqın əsas tərəfdaşıdır: “Hər iki tərəf üçün strateji cəhətdən əhəmiyyətli olan “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı üzrə səylərimizi birləşdirməklə bağlı razılığa gəldik”.
O, qeyd edib ki, rəqiblərinin fəaliyyətinə baxmayaraq, Azərbaycan və Aİ layihənin vaxtında başa çatmasını təmin etməlidir: “Bu məsələ Avropa üçün tədarüklərin diversifikasiyası olduğu halda, Azərbaycan üçün ixrac imkanlarının genişlənməsi deməkdir”.
Avropa İttifaqı Şurası prezidentinin sözlərinə görə, Azərbaycanın regionda Aİ-nin ən iri ticarət tərəfdaşı olmaq potensialı var: “Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı olmaqla yanaşı, ölkədə mühüm investorlardan biridir”.
O bildirib ki, Aİ Azərbaycanla gələcək ticarət əlaqələrinin genişlənməsində maraqlıdır: “Əlverişli ticarət və investisiya mühitinin yaradılmasında yaxşı idarəetmə və qanunun aliliyi əhəmiyyətli məsələdir. Ehtiyac olduğu təqdirdə, Aİ bu məsələdə Azərbaycana kömək etməyə hazırdır”.
D.Tusk həmçinin qeyd edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqla bağlı danışıqları tezliklə başa çatdıracaq: “Görüş çərçivəsində yeni ambisiyalı ikitərəfli razılaşma vasitəsilə ikitərəfli münasibətlərin daha effektiv möhkəmləndirilməsi imkanlarını müzakirə etdik”.
O deyib ki, tərəflər strateji tərəfdaşlıq sazişi üzrə danışıqların tezləşdirilməsinin zəruriliyini də qeyd ediblər.
D.Tusk əlavə edib ki, Azərbaycan Prezidenti ilə görüş çərçivəsində “Şərq Tərəfdaşlığı” proqramı da müzakirə edilib: “Aİ hər bir tərəfdaşın fərdi istəklərini və maraqlarını ən yaxşı halda əks etdirmək niyyətindədir”.
Avropa İttifaqı Şurasının prezidenti həmçinin vurğulayıb ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir: “Aİ və üzv ölkələr Dağlıq Qarabağı tanımır, status-kvo qeyri-sabitdir, münaqişənin sülh yolu ilə həll edilməsi isə Aİ üçün prioritet məsələ olaraq qalır. Bu məsələdə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləməyə davam edirik”.
D.Tusk Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minməsini, habelə ötən ilin payızında qüvvəyə minən readmissiya ilə bağlı müqaviləni alqışlayıb: “Bu, mühüm addımdır. Ötən il Şengen zonasına 70 min azərbaycanlı səfər edib ki, bu da 20 faizlik artım deməkdir. Verilən vizaların üçüncü hissəsi multivizalardır”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az