Brüsseldə "Mina probleminin qarşısının alınması: Ətraf mühitə təsirləri və cavab siyasəti" mövzusunda konfrans keçirilib
4 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi və Belçikadakı Brüssel Diplomatik Akademiyasının təşkilatçılığı ilə "Mina Probleminin Qarşısının Alınması: Ətraf Mühitə Təsirləri və Cavab Siyasəti" adlı konfrans keçirilmişdir. Konfrans mina təsirinə məruz qalmış Azərbaycan, Kamboca, Çad və Kolumbiya kimi ölkələrin nümayəndələri, Aİ və BMT-nin İnkişaf Proqramı kimi donor təşkilatları və mina əleyhinə mütəxəssisləri, o cümlədən Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklər, akademik və biznes dairələrdən ibarət 50-dən çox iştirakçını bir araya gətirmişdir.
Konfransın məqsədi minaların həm insan həyatına, həm də ətraf mühitə olan təsirlərini müzakirə etmək olmşdur. Hərtərəfli yanaşmanın vacibliyini vurğulayan konfrans, təcili humanitar məsələlərlə yanaşı uzunmüddətli ekoloji təsirlərin də nəzərə alınmasının əhəmiyyətini vurğulamışdır.
Konfrans, Azərbaycanda mina probleminin həllində beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətli rol oynadığını vurğulamış və minatəmizləmə və ətraf mühitin bərpası üçün innovativ yanaşmaların önəmini müzakirə etmişdir.
Tədbirdə çıxış edən Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina problemi, onun insanların həyat və sağlamlığına, ətraf mühitə, ekoloji tarazlığa yaratdığı təhdidlər barədə məlumat verib, bu təhlükənin dayanıqlı inkişaf istiqamətində səylərə mane olmasını diqqətə çatdırıb. Azərbaycanın 2024-cü ildə COP29-a sədrlik etdiyini bildirən Vüqar Süleymanov qlobal humanitar və ekoloji problemlərdən biri olan mina təhlükəsinin ətraf mühitə təsirlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər, tətbiq olunan metodologiyalar, habelə işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə fəaliyyəti ilə əlaqəli şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinə dair geniş prezentasiya təqdim edib.
Məlum olduğu kimi, mina probleminin təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ölkəmizdə genişmiqyaslı minatəmizləmə əməliyyatları, ictimaiyyəti minaların təhlükələri haqqında məlumatlandırmaq üçün maarifləndirmə kampaniyaları və mina qurbanlarına dəstək və reabilitasiya tədbirləri həyata keçirilir. Ərazilərin təhlükəsiz və səmərəli şəkildə minalardan təmizlənməsini təmin etmək üçün qabaqcıl minatəmizləmə texnologiyaları və üsulları tətbiq edilir.
Tədbir çərçivəsində, həmçinin Belçika Krallığının ölkəmizdə icra edilən humanitar minatəmizləmə əməliyyatlarına həmin ölkədə qeydiyyatdan keçmiş APOPO beynəlxalq qeyri-hökumət təşkilatı vasitəsilə 250.000 avro məbləğində yardımı ilə bağlı mərasim keçirilib. Mərasimdə Belçika Krallığının və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən APOPO-nun nümayəndələri çıxış edib, bu kimi yardımın əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, BMTİP 2023-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Azərbaycan və iki beynəlxalq QHT - Mina Məsləhət Qrupu (MAG) və APOPO ilə tərəfdaşlıqda ölkəmizdə yeni bir layihəyə start vermişdir. Avropa İttifaqından maliyyə dəstəyi alan layihə Azərbaycanda mina təhlükəsini azaltmaq səylərinə dəstək məqsədi daşıyır.