2024-07-03

Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub

İyulun 2-də Azərbaycanın Belçikadakı səfirliyi külək enerjisi və onun texnologiyaları üzrə ixtisaslaşmış aparıcı şirkətləri özündə birləşdirən “WindEurope” assosiasiyası ilə birlikdə Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil edib.

Avropanın külək, günəş və hidrogen enerjisi şirkətlərinin təmsilçilərinin, Avropa İttifaqı rəsmilərinin və diplomatik missiyaların nümayəndələrinin iştirak etdikləri konfransın panel müzakirələrində Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov, Avropa Komissiyasının İqlim fəaliyyəti üzrə baş idarəsinin (DG CLIMA) baş direktoru Kurt Vandenberqhe, Enerji üzrə baş idarəsinin (DG ENER) baş direktoru müavini Metyu Baldvin, Qonşuluq və genişlənmə danışıqları üzrə baş idarəsinin (DG NEAR) direktoru Adrienn Kiraly, “WindEurope”un baş icraçı direktoru Giles Dickson və “Hydrogen Europe”un baş direktoru Jorgo Chatzimarkakis çıxış ediblər.

Moderator Laura Şieldsin və auditoriyanın suallarını cavablandıran məruzəçilər COP29-un fəaliyyət gündəliyi və danışıqlar strategiyası, iqlim diplomatiyası, enerji keçid prosesinin maliyyələşdirilməsi, inkişaf etməkdə olan ölkələrə dəstək, bərpaolunan enerjinin, habelə enerji səmərəliliyin artırılması üzrə hədəflər, inkişaf etməkdə olan ölkələrdə bərpaolunan enerji sənayesinin üzləşdiyi əsas problemlər və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi üçün potensialın yaradılması təşəbbüsləri kimi məqamlara toxunublar.

Brüsselə işgüzar səfəri çərçivəsində COP29-un baş icraçı direktoru Elnur Soltanov, həmçinin Beynəlxalq Enerji Xartiyasının baş katibi vəzifəsini icra edən Atsuko Hirose, “Blockchain” və iqlim institutunun (BCI) baş direktoru Alastair Marke ilə görüş keçirib.

Arxiv üzrə axtarış