2024-06-03

Azərbaycanın Müstəqillik Günü münasibətilə Brüsseldə “Suqovuşan” minifutbol turniri keçirilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə Brüsseldə “Suqovuşan” minifutbol turniri keçirilib.

Belçikada yeni təsis olunmuş “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması tərəfindən təşkil olunan və Belçikadakı səfirliyimizin dəstəyi ilə həyata keçirilən tədbirin məqsədi Belçika və Avropada yaşayan soydaşlarımızı bir araya gətirmək, əlaqələri gücləndirmək, toplumun kimlik dəyərlərinə töhfə vermək və futbol bacarıqlarını nümayiş etdirmək olub.

Ümumi sayı 200-dən çox olan Qərbi Avropadakı soydaşlarımız və tələbələrimizin, habelə Belçikada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin və digər qonaqların qatıldığı tədbirdə iştirakçıları salamlayan MADANİ platformasının koordinatoru Emin Əliyev turniri rəsmi şəkildə açmaq üçün sözü Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqova verib. Səfir Suqovuşanın ölkə tarixində, mədəniyyətində və coğrafiyasındakı yeri və Müstəqillik Gününün əhəmiyyətini turnir iştirakçılarının diqqətinə çatdıraraq soydaşlarımızın və toplumların birliyinin və qarşılıqlı fəaliyyətinin gücləndirilməsində idmanın rolunu vurğulayıb.

Daha sonra Pakistan səfiri Əmna Baloçla topa rəmzi toxunan Vaqif Sadıqov turniri rəsmi olaraq açıq elan edib.

On iki komandanın qatıldığı minifutbol turnirində Belçika, Niderland, Lüksemburq, Almaniya və İtaliyadan gələn soydaşlarımızla yanaşı, Türkiyə, Pakistan və Qazaxıstanın Brüsseldəki səfirliklərinin əməkdaşları mübarizə aparıblar.

Belçikada yaşan soydaşlarımızı təmsil edən “MADANİ HEROES” final oyununda Türkiyə NATO komandasını məğlub edərək turnirin qalibi olub, III yeri Qazaxıstan komandasına qalib gələn Türkiyənin Belçikadakı səfirliyinin “Ay Yıldız” komandası tutub. Qalibə “Suqovuşan qalib” kuboku və qızıl medallar, II və III yeri tutan komandalara “Suqovuşan” gümüş və bürünc kubok və medalları, eləcə də Azərbaycana aid suvenirlər təqdim olunub.

Paralel keçən və 50-dək uşağı əhatə edən eyniadlı turnirdə də iştirakçılara kubok və medallar verilib.

Arxiv üzrə axtarış