2024-05-27

Etibar Əsədlinin caz triosunun Brüsselin tanınmış “The Music Village” caz klubunda konserti olub

Belçikanın Brüssel şəhərində Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə caz pərəstişkarlarının ən sevilən məkanlarından biri olan Brüsselin “The MusicVillage” caz klubunda tanınmış pianoçu Etibar Əsədlinin triosunun konserti təşkil edilib.

Konsert Azərbaycanın məşhur caz məktəbini Avropada tanıtmaq məqsədilə keçirilib.

Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi Kevin Van Nuffel açılış nitqində Azərbaycan cazı haqqında məlumat verib və konsertin muğam və cazın elementlərini özündə birləşdirən kompozisiyalardan ibarət olduğunu bildirib.

İl ərzində 300-dən çox canlı konsertə ev sahibliyi edən “The Music Village” caz klubunun daimi dinləyicilərinə Azərbaycan etnocaz janrı ilə yanaşı, musiqiçilərin ifasında Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin əsərləri, görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun bayatılara bəstələdiyi “Gəl” mahnısının caz-muğam versiyası da təqdim edilib.

Bu, 2024-cü ildə təsis olunmuş Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi sayca ikinci konsertdir. İlk konsert 2024-cü ilin yanvar ayında Xalq artisti Salman Qəmbərovun və “Bakustik caz” qrupunun iştirakı ilə Cəmiyyət tərəfindən Brüsseldə təşkil olunub.

Dinləyicilər musiqiçilərimizin ifasını böyük alqışlarla qarşılayıblar. Yerli media təmsilçiləri Etibar Əsədlidən müsahibə alıblar.

Arxiv üzrə axtarış