2024-05-28

Belçikanın Avropa Asiya Araşdırmaları İnstitutunda “Orta Dəhliz Təşəbbüsü - Avropa və Asiyanın qovuşduğu yer” mövzusunda tədbir keçirilmişdir.

27 may tarixində Brüsseldə Avropa Asiya Araşdırmaları İnstitutunun (European Institute for Asian Studies) təşkilatçılığı və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə panel müzakirəsi keçirilmişdir.

Panel müzakirəsində Brüssel Enerji Klubunun təsisçisi Marat Terterovun moderatorluğu ilə həmin günlərdə Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, sözügedən İnstitutun baş icraçı direktoru Aksel Hoethals, BMT/BMTİP-nin Brüsseldəki ofisinin direktoru Kamilla Brükner, Avropa Komissiyasının Yaxın Şərq, Mərkəzi Asiya bölməsinin rəhbəri Sarah Rinaldi çıxış etmişdir.

Qeyd olunan tədbir Avroasiyada geosiyasi dəyişikliklər fonunda Avropa ilə Çini birləşdirən Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzərindən keçən Orta Dəhlizin rolunu təhlil etmək, Azərbaycanın bu dəhliz boyu əsas nəqliyyat, logistika və enerji qovşağı kimi əhəmiyyətini müzakirə etmək məqsədini daşımışdır.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın iqtisadiyyatı, ölkədəki investisiya mühiti, aparılan biznes yönümlü islahatlar, işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları, Orta Dəhliz barədə ətraflı məlumat vermişdir.

Sarah Rinaldi Orta Dəhlizin əhəmiyyətinə vurğu etmiş, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bu istiqamətdə aparılan layihələr barədə məlumat vermişdir.

Kamilla Brükner BMT-nin İnkişaf Proqramı perspektivində nəqliyyat bağlantılarından, ticarət və maliyyə kanallarından, rəqəmsallaşmanın əhəmiyyətindən danışmışdır.

Sonda çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırdılar.

Tədbirdə Avropa İttifaqının müxtəlif siyasi institutlarının əməkdaşları, Avropa Parlamentindən nümayəndələr, Belçika təhsil müəssisələrinin və müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşları, media nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları və digərləri iştirak etmişdirlər.

Arxiv üzrə axtarış