2024-05-27

Azərbaycanın Belçikadakı Səfirliyində “Azərbaycanda yeni biznes üfüqlərinin kəşf edilməsi” mövzusunda tədbir keçirilib.

 

27 may tarixində Azərbaycan Belçikadakı Səfirliyində “Azərbaycanda yeni biznes üfüqlərinin kəşf edilməsi” mövzusunda tədbir keçirilib.

Ümumilikdə sözügedən tədbir, Azərbaycan Respublikasının iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması, habelə potensial əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyıb.

Tədbir Səfirliyin və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə baş tutub.

Açılış nitqində səfir Vaqif Sadıqov Azərbaycan-Belçika əlaqələrinin tarixi və hazırkı vəziyyəti haqqında məlumat verdi.

Ardınca AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev qeyri-neft sektorunda ölkəmizin investisiya imkanlarından bəhs edən təqdimatla çıxış etdi.

Təqdimatda ölkəmizin yol infrastrukturunun inkişafı, işğaldan azad olunan ərazilərdə görülən işlər və investisiya imkanları, həmçinin beynəlxalq daşımalarda Azərbaycanın rolu barəsində ətraflı məlumat verilib.

Əlavə olaraq xarici şirkətlər üçün Azərbaycan dövləti tərəfindən xüsusi güzəşt və dəstək paketinin təqdim edilməsi bildirilib.

Sonra Azərbaycanda artıq fəaliyyət göstərən bir sıra Belçikalı şirkətlərin nümayəndələri öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Daha sonra AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev tədbir iştirakçılarının  çoxsaylı suallarını cavablandırıb və lazımi izahatlar verib.

Tədbirin sonunda faydalı və məzmunlu müzakirələri nəzərə alaraq tədbirdə iştirak edən Belçikalı bir sıra şirkətlərin nümayəndələri Belçika-Azərbaycan Ticarət Palatasının təsis edilməsi təşəbbüsünü irəli sürdülər.

Təbirdə 100-ə yaxın Belçika və Lüksemburq şirkətlərinin təmsilçiləri, media nümayəndələri, AZPROMO-nun və Səfirliyin əməkdaşları iştirak edib.

Arxiv üzrə axtarış