Brüsseldə 28 May-Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilib
Belçikada yeni təsis olunmuş “FireLand” Azərbaycanlılar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin dəstəyi ilə aprelin 28-də Brüssel şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Tədbirdə sözügedən birliyin sədri İlahə Tağıyeva qonaqlara birlik və təşkil etdikləri şahmat dərsləri barədə məlumat vermiş, həm başlanğıc, həm də orta səviyyəli qruplarda dərsləri Belçikada təhsil alan həmyerlimiz Elmir Qırxıyev tərəfindən aparıldığını bildirmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov iştirakçıları salamlayaraq onlara uğurlar arzulamış, tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, bu kimi tədbirlərin soydaşlarımızın bir araya toplanması, onlar arasındakı əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləmişdir.
Tədbirdə Belçika, Fransa və Hollandiyadan 25 uşaq, həmçinin valideynlər qatılmışdır.
Uşaqlar arasında yarış 3 fərqli səviyyə üzrə qruplarda aparılıb. Bütün iştirakçılara sertifikat və medallar, qaliblərə isə hədiyyələr təqdim olunub.