Brüsseldə “Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilir
Azərbaycan mədəniyyətinin Avropada tanıdılması istiqamətində görülən işlərin davamı olaraq Belçikadakı səfirliyimizin dəstəyi ilə bu dəfə Brüsselin Kral Parkında yerləşən “Cercle Royal Gaulois” Mədəniyyət Sarayında 12-13 fevral tarixlərində “Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilir.
Sərgidə cari ildə Şuşa şəhərinin İslam dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsinin əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilir.
Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qrupunun azərbaycanlı və türkiyəli sənətkarları və mühəndisləri tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradıldı.
Fevralın 12-də sərginin açılış tədbirində Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov çıxış edərək “Şuşa” süni zəka layihəsini həyata keçirilməsinə görə Nabat Qaraxanovaya və onun “Mezo Art” komandasına təşəkkürünü bildirib, ənənəvi simvol və texnikaları innovativ texnologiya ilə birləşdirən ilk Azərbaycan rəqəmsal kompozisiyasını Brüsseldə təqdim etməkdən məmnunluq hissi duyduqlarını ifadə edib.
Daha sonra çıxış edən Nabat Qaraxanova “Şuşa” süni zəka layihəsinin ərsəyə gəlməsi barədə qonaqlara ətraflı məlumat verib, açılış tədbirində iştirak etmiş diplomatik korpusun, Avropa İttifaqı qurumlarının, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələrini və Belçikada yaşayan azərbaycanlı icmanın nümayəndələrini süni zəka tərəfindən görülən işlərlə yaxından tanış edib.