2023-11-28

Azərbaycan “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunub

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz “Lüksemburq Beynəlxalq Bazarı”nda böyük stendlə təmsil olunub.

Azərbaycan stendi ABAD, “Azərsun”, “Azəripək”, “Aspi”, “Balkhoorma”, “Meysəri”, “Savalan”, “Şabyant”, “Silkway”, “Ravira” şirkətlərinin dəstəyi ilə dünyada yoxsulluqla mübarizə üçün vəsait toplamaqla yanaşı, milli məhsullarımızın istehlakçılara təqdimatını və mədəniyyətimizin təşviqini müvəffəqiyyətlə həyata keçirib. Azərbaycan stendi milli məhsullarımızın təbliği üçün əlverişli platforma olub.

İçərişəhərin qala divarları üslubunda hazırlanmış və milli ornamentlərlə bəzədilmiş stenddə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrləri nümayiş olunub. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verib. Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda gün ərzində mədəniyyətimizin təşviqi ilə bağlı videoçarx yayımlanıb.

İki gün davam edən “Lüksemburq Beynəlxalq Bazarı”nda ziyarətçilər Azərbaycan qonaqpərvərliyi ilə qarşılanıb və yüksək keyfiyyətli şərablarımızı, təravətli çayımızı, nar şirəsini, gül və əncir mürəbbəsini, ənənəvi şirniyyatlarımızı, paxlava və şəkərburanı dadıb və alıblar.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və xalqımızın milli mənəvi dəyərlər sistemində, adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindən olan kəlağayı baş örtüyü diqqəti cəlb edib. Orijinal əl işləri olan kəlağayılar ziyarətçilər tərəfindən Milad bayramı ərəfəsində lüksemburqlu qadınlar üçün ən gözəl hədiyyə kimi qiymətləndirilib.

Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizdə yetişən meyvə və tərəvəzlər (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunub.

Stendimizi ziyarət edən Lüksemburqun xarici işlər naziri Ksavye Bettel Azərbaycan məhsulları ilə maraqlanıb.

“Lüksemburq Beynəlxalq Bazarı”ndan əldə olunan ianə 7 kateqoriya üzrə 48 xeyriyyə təşkilatına göndəriləcək.

 

 

Arxiv üzrə axtarış