2023-09-20

Nazir Ceyhun Bayramovun Avropa Şurasının Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşünə dair mətbuat məlumatı

19 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüş keçirib.
 
Nazir Ceyhun Bayramov Azərbaycanla AŞ arasında əməkdaşlığın önəmini qeyd edib. Tərəflər hər iki tərəf üçün prioritet istiqamətlərdə müxtəlif proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı çərçivəsində texniki yardımların həyata keçirilməsinin vacib olduğu bildirilib.
 
Nazir, Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib. 

 

Bölgədə hal-hazırda həyata keçirilən anti-terror əməliyyatının əsas məqsədinin qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın mülki əhalini və obyektləri hədəf almadığı, yalnız qeyri-qanuni erməni silahlı birləşmələrini hədəf aldığı vurğulanıb. 

 

Bununla yanaşı, Laçın yolu ətrafında səslənən iddiaların siyasi manipulyasiya olduğu qeyd edilib. Mövcud vəziyyətlə bağlı beynəlxalq təşkilatların və tərəfdaşların Azərbaycan tərəfindən məlumatlandırılmasına baxmayaraq, reallığı əks etdirməyən birtərəfli, qərəzli yanaşmanın nümayiş etdirilməsinin təəssüf doğurduğu müqabil tərəfin diqqətinə çatdırılıb.
 
Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.

Arxiv üzrə axtarış