2023-09-17

Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə ilə bağlı mətbuat katibi Ayxan Hacızadənin yerli medianın sualına cavabı

Sual: Yayılmış məlumata əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılmasına razılıq verilib. Bu xəbərə dair şərhiniz nədir?

 

Cavab: Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.

 

Bu gün, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.  

Paylaş
 
 
 

Arxiv üzrə axtarış