2023-05-13

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Belçikada ehtiramla anılıb

Mayın 12-də Brüsselin BOZAR İncəsənət Sarayında ölkəmizin Belçikadakı Səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Odlar Yurdundan bahar əhval-ruhiyyəsi” adlı anım konserti təşkil edilmişdir.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov tədbirin açılışında çıxış etmiş, Heydər Əliyevin tarixi lider rolunu uğurla yerinə yetirərək, iyirminci əsrin sonlarında geosiyasi çağırışların, iqtisadi transformasiya, və ölkəmizə  qarşı başlanmış işğalçılıq müharibəsinin faciəli nəticələri ilə dolu fırtınalı dünyada Azərbaycanı irəliyə aparılmasına rəhbərlik etdiyini bildirmişdir. Səfir V.Sadıqov vurğuladı ki, müasir Azərbaycan keçmişin siyasi konsepsiyalarının xarabalıqları üzərində yeni dövlətin yaradılmasına Heydər Əliyevin səxavətlə qoyduğu dünyagörüşünün, enerjisinin və ruhunun parlaq təcəssümüdür.

Konsertdə Azərbaycanın xalq artisti Yeganə Axundovanın iştirakı və beynəlxalq müsabiqələr laureatı, dirijor Fərhad Qarayusiflinin rəhbərliyi ilə Bakı Kamera Orkestri tərəfindən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnıları dinləyicilərə təqdim olunmuşdur. Orkestrə vokalçılar Orxan Cəlilov və Gülnar Qüdrətli, tarzən Arslan Növrəsli və skripkaçı Nəzrin Aslanlı qoşulmuş, konsertdə Azərbaycanın xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi “Odlar Yurdu” folklor rəqs qrupunun üzvləri Aydəmir Aydəmirov, Gülanə Əsgərova, Ləman Əzimova və Anar Məmmədovun ifasında milli rəqslər nümayiş olunmuşdur.

Tamaşaçıların böyük marağına səbəb olmuş konsertdə Belçika və Lüksemburq rəsmilərinin, Avropa İttifaqı qurumlarının, Brüsseldəki diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və  burada yaşayan soydaşlarımız iştirak etmişdirlər.

Arxiv üzrə axtarış