Brüsseldə sərgi: Odlar Yurdu belçikalı fotoqrafların gözü ilə
Ölkəmizin mədəni müxtəlifliyini, tarixi irsini, təbiətini və səyahət istiqamətlərini tanıtmaq məqsədilə Azərbaycan Belçikadakı səfirliyi Brüsselin Kral Parkında yerləşən “Cercle Royal Gaulois” sarayında “Odlar Yurdu belçikalı fotoqrafların gözü ilə” adlı foto sərgi təşkil edib.
Sərgidə 2022-ci il ərzində Azərbaycana səyahət etmiş jurnalist-fotoqraf Anja Van Der Borght, fotoqraf Luc Embise, memar Linda Gezels və bloger Maarten Van Middelem tərəfindən ölkəmizin müxtəlif guşələrində çəkilmiş fotoşəkillər nümayiş olunub.
Tədbirdə açılışı nitqi ilə çıxış edən səfir Vaqif Sadıqov ölkəmizin zəngin və qədim mədəni irsi, gözəl təbiəti, qonaqpərvərliyi və ləziz mətbəxi haqqında məlumat verib, Azərbaycana səfər edən səyahətçilər üçün ölkənin bölgələrini və insanlarını kəşf etməyin yeni və nadir təcrübə olduğunu bildirib.
Fotoqraflar adından çıxış edən fotojurnalist Anja Van Der Borght ölkəmizə səfərinin unudulmaz təəssüratlarından danışıb və sərginin təşkilinə görə minnətdarlığını ifadə edib.
Tədbirdə “Buscardini Communications” tərəfindən “TV5MONDE” üçün hazırlanmış Azərbaycan haqqında iki videoçarx nümayiş olunub.
Sonra Brüssel Kral Konservatoriyasının tələbələri Sarah Orero Medina, Maria Bernal Ruiz, Gyeongju Shin və Elisabeth Lefebre Üzeyir Hacıbəylinin və Xəyyam Mirzəzadənin əsərlərini ifa ediblər.
Sərgi böyük maraqla qarşılanıb.
“Travel Tomorrow” səyahət portalında tədbir haqqında “A night in the Land of Fire at Brussels’ Royal Park” adlı geniş məqalə dərc olunub.