Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərh
23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.
Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatı Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və qəbuledilməzdir. Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.
Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.
Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır. Eyni zamanda, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub.
Azərbaycanın Üçtərəfli bəyanat üzrə öhdəlikləri pozduğu barədə əsassız iddiaya gəldikdə Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, Ermənistan rəhbərliyi ən yüksək səviyyədə Laçın yolundan hərəkətin təşkili məsələsində Üçtərəfli bəyanatla bu ölkəyə hər hansı bir funksiya verilmədiyini təsdiq edib. Bu fonda, Ermənistan XİN-in Üçtərəfli bəyanatın tərəfi kimi Ermənistanın Azərbaycan tərəfindən atılan addımı qəbuledilməz adlandırması məntiqsiz və bəyan edilmiş bu mövqeyə ziddir. Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.
Üçtərəfli bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.
Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə cəfəng iddiası əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik.
Sülh danışıqlarını boykot etmiş Ermənistanın XİN-in bu bəyanatı, bu hadisədən yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə kimi istifadə etmək niyyətindən xəbər verir.
Ermənistan tərəfinə bu kimi təxribatlardan əl çəkməyi, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağı, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik əvəzinə konstruktiv mövqe sərgiləməyi tövsiyə edirik. Bununla yanaşı, Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərinə son qoymağa çağırırıq.