Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” sərgisi keçirilmişdir
Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifələrindən biri olan Xocalının dinc əhalisinə qarşı törədilmiş amansız soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, 2023-cü ilin 15 fevral tarixində Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi Brüsseldə dünya şöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” foto-sərgisini təşkil etmişdir.
Açılış nitqi ilə çıxış etmiş səfir Vaqif Sadıqov tədbirin iştirakçılarını öncə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Daha sonra səfir, 1992-ci ilin 26 fevral tarixində 613 mülki şəxsin dəhşətli qətliamı, 8 ailənin tamamilə məhvi, 1300 nəfərin əsirliyə götürülməsi, yüzlərlə azyaşlıların valideynsiz qalması ilə nəticələnən və bütövlüklə insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında tədbirin iştirakçılarına məlumat vermişdir. Səfir, ölkəmizin çətin günlərində Azərbaycanda olan, xalqımızın çəkdiyi əziyyətli günlərin canlı şahidi, həqiqətləri öz kamerasına qeyd edən və dünyaya yayan Reza Deqatiyə təşəkkürünü bildirmişdir.
Daha sonra Reza Deqati çıxış etmiş, bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini və həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd etmişdir. Reza Deqati, əslində insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların daha çox sağ qalan insanların ruhlarına, qəlblərinə, yaddaşlarına sağalmayan yaralar açdığını dərk etməyimizin vacibliyini vurğulamışdır.
Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilmişdir.
Tədbirdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək Reza Deqatinin dilindən sərgidə təqdim edilən hər bir foto-şəkil haqqında məlumat almış, konsert proqramının zənginliyindən məmnun qaldıqlarını və olduqca emosional bir tədbirə şahid olduqlarını bildirmişlər.